Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-296/2023 07.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1993-cü ildə Ağdaş rayonunun Qəribli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində idarə etdiyi avtomaşınla Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobilin şinlərindən səslər, yəni yolun səthi ilə sürtünməsi səsləri çıxarmış və yolun səthində çoxsaylı təkər izləri buraxmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon YPX tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 3(014)-296/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə nəqliyyat vasitələrini idarə etmə hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(107)-157/2023 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 3(014)-296/2023 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində idarə etdiyi “Hyundai Accent” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağdaş şəhərində küçənin adını bilmədiyi döngədən H.Əliyev prospektinə daxil olarkən qəflətən üzərinə “VAZ 2106” markalı avtomobil gəlmiş və bu səbəbdən idarə etdiyi avtomobili sürətli hərəkət etdirməli olmuşdur. O, avtoxuliqanlıq etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, məhkəmə iclasında iştirak edən Şəxs izahatını, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuiyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5-ci maddəsində təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardan biri, inzibati xəta hadisəsinin (inzibati xəta törədilmişdirmi) müəyyən edilməsindən ibarətdir. Əvvəlcə məhkəmə onu qeyd edir ki, qeyd edilən hüquq normalarının tələbləri baxımından aydınlaşdırılması zəruri olan ilkin məqam ondan ibarət olmalıdır ki, Şəxs inzibati xətaya səbəb olması protokollaşdırılan əməllə inzibati xəta hadisəsi baş vermişdirmi, yəni inzibati xəta törədilmişdirmi? Bu sual ətrafında hüquqi dəyərləndirmə aparmağa başlamazdan öncə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya- epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv və preventiv xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşı iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Konstitusiya məhkəməsinin həmin qərarında göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsas şərti səlahiyyətli orqan tərəfindən protokolun tərtib edilməsidir. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil. Məhkəmə araşdırılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlər öz təsdiqini tapmadığından, məhkəmə həmin protokolun hüquqi mövcudluğunu qəbul etmir. Belə ki, göründüyü kimi inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyətindən bəhs edilən inzibati xəta haqqında protokolda Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Həmin maddə isə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayət edilən qərəzli hərəkətlərə görə inzibati hüquq münasibətlərini tənzimləyir. Belə ki, protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində idarə etdiyi avtomaşınla Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobilin şinlərindən səslər, yəni yolun səthi ilə sürtünməsi səsləri çıxarmış və yolun səthində çoxsaylı təkər izləri buraxmışdır. Lakin şəxsin həmin əməli törətməsinə dair, yəni avtomobilin şinlərindən səslər, yəni yolun səthi ilə sürtünməsi səsləri çıxarmış və yolun səthində çoxsaylı təkər izləri buraxmasına dair hər hansı bir sübut mövcud deyildir. Məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilməsi zamanı da həmin faktın mövcudluğu təsdiq edilmir. Videogörüntüdə yolun səthində yalnız bir ədəd təkər izi olsa da, həmin təkər izinin məhz Şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid olması sübuta yetmir. Ümumiyyətlə, CD diskdəki videogörüntüdə avtoxuliqanlıq əməli kimi Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində göstərilən pozuntularla bağlı hər hansı bir fakt mövcud deyildir. Belə ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin tərkibi yaranır. Bununla belə məhkəməyə təqdim edilmiş şəxsin avtoxuliqanlıq hərəkəti törətməsinin sübutu kimi qeydə alınmış videogörüntülü CD disk hazırkı iş üzrə sübut kimi şəxsin əlehinə istifadə edilə bilməz Məhkəmə hesab edir ki, məhkəməyə göndərilmiş həmin sübutla şəxsin qeyd edilən inzibati xətanı törətməsi qanunla müəyyən edilmiş, yəni hazırkı halda İXM-də nəzərdə tutulmuş qaydada əldə edilmiş sübut olmadığından, onun təqsiri sübuta yetirilmir. Çünki videgörüntüdən sübut kimi istifadə edilirsə, həmin sübut Azərbaycan Respublikası İXM-in tələblərinə cavab verməklə əldə edilməlidir. Azərbaycan Respublikası İXM-in 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Lakin hazırkı protokolda videoçəkilişin aparıldığı xüsusi texniki vasitənin adı, göstəriciləri göstərilməmiş, həmin texniki vasitənin sertifikatı, metroloji sınaqdan keçməsi barədə ümumiyyətlə protokolda məlumat mövcud deyildir. Bununla da, ixtiyari bir sübut şəxsin əlehinə istifadə edilə bilməz. Şəxsin təqsiri yalnız Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetməlidir. Beləliklə qanunla tələb edildiyindən, lakin buna əməl edilmədən, yəni Azərbaycan Respublikası İXM-in yuxarıda müəyyən edilmiş tələblərinə əməl edilmədən xüsusi texniki vasitələrin tətbiqi ilə əldə edilmiş sübut, şəxsin inzibati xəta törətməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu cür sübutlarla təsdiq edilə bilməz. Ona görə də şəxs təqsirsiz hesab edilməli və inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 48, 48-53, 61, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-296/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-296/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver