Məhkəmə qərarları › İş №3(014)-302/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-302/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-302/2023 15.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nun iştirakı ilə xx.xx.2000-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 22:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində RPŞ-nin inzibati binasının qarşısında ucadan qışqıraraq söyüş söymüş və onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, həmin vaxt dostları ilə yeyib içdikdən sonra içkili olmuş və özündə olmamışdır. 1 aydan sonra əsgər gedəcək. Əvvəllər məhkum olunmamışdır. Polis əməkdaşlarına yaxınlaşaraq narazılıq etmiş, səsküy salmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023cü il tarixdə gecə saat 22:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində RPŞ-nin inzibati binasının qarşısında ucadan qışqıraraq söyüş söymüş və onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, o, xx.xx.2023-cü il radələrində Ağdaş RPŞ-nin Əməliyyat istintaq qrupunun tərkibində xidmətdə olarkən tarixdə saat 22:00 radələrində RPŞ-nin inzibati binanın yaxınlığında bir nəfər şəxsin ictimai yerdə ucadan qışqırarq səs-küy saldığını, polis əməkdaşlarının ünvanına və ünvansız küçə söyüşləri söydüyünü görmüşdür. Həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş, həmin şəxs yenidən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. Onu nizam intizama dəvət etmiş, dəfələrlə xəbərdarlıq etsə də, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün güc tətbiq edərək Ağdaş RPŞ-yə gətirmişdir. Növbətçi hissədə həmin şəxsin Ağdaş şəhəri, Ağalı küçəsində qeydiyyatda olmaqla yaşayan xx.xx.2000-ci il təvəllüdlü Şəxs olmduğu məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs nun həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və şahidin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs na İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının ¾ həddində, yəni 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar