Məhkəmə qərarları › İş №3(014)-303/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-303/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-303/2025 19.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X1, X2 barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 529.3-cü maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmə iclаsındаn kənаr prоsessuаl qаydаdа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol Ağdaş Rayon Məhkəməsinə 17 iyun 2025-ci il tarixdə daxil olmuşdur. Məhkəməyə təqdim olunmuş 10 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, təqdim edilmiş materiallar natamamdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında 05 dekabr 2024-cü il tarixli, EQ 24914912 nömrəli qərardan görünür ki, Şəxs 05 dekabr 2024-cü il tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat (30 manat dəbbə pulu) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 10 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən müəyyən olunur ki, o, 05 dekabr 2024-cü il tarixli, EQ 24914912 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Bu səbəbdən də hazırkı tarixdə iş üzrə icraatı rədd edən hallar yaranmışdır. İcraatı rədd edən hallar isə mövcud olduqda, iş baxışa təyin edilə bilməz. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs 04 yanvar 2024-cü il tarixdə ölmüşdür. Göründüyü kimi, Şəxs 04 yanvar 2024-cü il tarixdə ölmüş, İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta isə 05 dekabr 2024-cü il tarixdə, yəni barəsində inzibati xəta haqqında protokol təırtib edilmiş şəxsin ölümündən təxminən 11 ay keçdikdən sonra baş vermişdir. Şəxs ölməsinə baxmayaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün olmayan protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin: 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati Xətalar Məcəlləsinin 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) İnzibati Xətalar Məcəlləsinin 145.1.2-ci maddəsinə əsasən həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə qərarın icrasına xitam verir. Hazırki iş üzrə qərar səlahiyyətli orqan olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis Şöbəsi tərəfindən qəbul edildiyindən qərarın icrasına xitam verilməsi də həmin orqanın səlahiyyətindədir. Beləliklə, göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 118 və 145-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən tərtib edilmiş 10 iyun 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilmir. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar