Məhkəmə qərarları › İş №3(014)-313/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-313/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-313/2021 23.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1970-ci ildə Ağdaş rayonunun Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Abad ərazi dairəsi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs məhkəmənin qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(014)-442/2021 saylı icra sənədinə əsasən Şəxs 10160 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 10190 manat pul tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs icra sənədi üzrə məbləği ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə izahatı alınmış, ona borcu icra etməsi bildirilsə də, öhdəliyini icra etməmişdir. Hər dəfə yalan vədlər verərək borcunu icra etməkdən yayınmışdır. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, iş yeri olmadığı üçün qazancı olmadığından borcunu indiyədək ödəyə bilməmiş, borcun hissə-hissə ödənilməsini istəsə də, lakin bununla bağlı təşəbbüs göstərərək tələbkarla heç bir danışıq aparmamışdır. Eyni zamanda, icra məmuruna da hər dəfə borcu hissə-hissə ödəyəcəyini desə də, sonradan ödəniş etməmişdir. Əməlindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs ona olan borcundan odəniş etmir. Ona olan borcun tam ödənilməsini tələb edir. Şəxs barəsində əvvəllər inzibati xəta haqqında protokol tərtib olunmuş və məhkəmə iclasında o, bildirmişdir ki, öz adına olan torpaq sahələrini borcun bir hissəsinin müqabilində verəcəkdir. Buna razı olduğundan, məhkəməyə ərizə təqdim etmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin bundan sonra Şəxs yenə də aldadaraq torpaqları onun adına keçirməmiş, borcundan heç bir ödəniş etməmişdir. Göründüyü kimi onun məhkəmənin qərarını icra etmək niyyəti yoxdur. Buna görə də Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 23.08.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəmədə verdiyi izahatı və işin materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. İşin materiallarına əlavə olunmuş 01 iyul 2021-ci il tarixli, 3(014)-258/2021 saylı inzibati xəta haqqında qərardan görünür ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, işsiz olduğundan borcunu ödəyə bilməmiş, bu səbəbdən 10190 manat borcu yaranmış, borcunu qısa müddət ərzində hissə-hissə ödəməyə söz verir, eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur, bundan başqa, öz adına olan torpaqları da tələbkarın razılığı ilə pulu bir hissəsinin qarşılığında ona verilməsinə razıdır, buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ona olan borcunu tezliklə hissə-hissə ödəyəcəyinə söz vermiş, eyni zamanda, borcun bir hissəsinin müqabilində borclunun təklif etdiyi torpaq sahələrini qəbul etməyə etiraz etmir. Məhkəmə qeyd olunanları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Belə olan halda müəyyən olunur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş formada qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 23.08.2021-ci il tarixindən, saat 13:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar