Məhkəmə qərarları › İş №3(014)-316/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-316/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-316/2022 16.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 14 iyun 2022-ci il tarixdə, saat təxminən 20:00 radələrində polis əməkdaşı tərəfindən Ağdaş şəhərində kolxoz bazarının arxa tərəfindəki küçədə saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, üzərindən təmiz çəkisi 0,17 qram olan marixuana aşkar edilərək götürülmüşdür. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı H.Əliyev 15 iyun 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarmış, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Buna görə 16 iyun 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında MN ******* №-li inzibati xəta protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və əməlindən peşman olduğunu, təxminən bir həftə əvvəl yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş massivi 93 ünvanına yaxın yerdə yolun kənarı ilə gedən zaman qarşısına 01 ədəd kağız büküm çıxdığını və maraqlı gəldiyindən onu götürüb açaraq içərisinə baxan zaman kağız bükümün içərisində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana olmasını gördüyünü, həmin marixuanadan bir dəfə istifadə etdikdən sonra qalanını əynində olan qara rəngli köynəyinin sol yan döş cibinə qoyaraq nə vaxtsa istifadə edəcəyini düşündüyünü, həmin vaxtdan sonra Ağdaş rayonuna qonaq gəldiyini, həmin vaxt cibində qurudulmuş marixuana olmasının yadından çıxdığını, 14 iyun 2022-ci il tarixdə Ağdaş şəhərində kolxoz bazarının arxa tərəfindəki küçədə piyada hərəkət edən zaman polis əməkdaşının ona yaxınlaşaraq onun üzərində narkotik olması barədə onlarda məlumat olduğunu bildirdiyini, buna görə Ağdaş rayon Polis Şöbəsinə gətirildiyini, Polis Şöbəsində üzərində şəxsi axtarış keçirildiyini həmin narkotik maddənin üzərindən aşkar edilərək götürüldüyünü, bununla bağlı videoçəkiliş aparıldığını, özünün narkotik vasitə istifadəçisi olduğunu və üzərində gəzdirdiyi həmin narkotiki özünün istifadə etməsi üçün saxladığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 14 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokolun surətindən görünür ki, Şəxs üzərinə Ağdaş rayon polis Şöbəsində müdafiəçinin iştitrakı ilə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli sol yan döş cibindən 01 ədəd kağız büküm aşkar edilmiş, aşkar edilmiş kağız büküm elektron tərəzidə çəkilərkən çəkisi 0,25 qram olmuşdur. Daha sonra aşkar edilmiş 01 ədəd kağız büküm qablaşdırılaraq zərfə qoyulmuş, DİN-nin 111 №-li möhürü vurulmuş və və zərfin üzərinə iştirakçılar imza etmişlər. İnzibati xəta haqqında materiala əlavə edilmiş MN ******* №-li inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 15 iyun 2022-ci il tarixli 20:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, Şəxs barəsində inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutlduğu tarixdən və vaxtdan, yəni 16 iyun 2022-ci il tarixdən, saat 20:50-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sumqayıt şəhəri, Yataqxana 2, Məhəllə 41 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində bir ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 15 iyun 2022-ci il tarixdən, saat 20:50-dən hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar