Məhkəmə qərarları › İş №3(014)-317/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-317/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-317/2025 20.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq məhkəmə Müəyyən etdi: Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyi üçün Ağdaş RPŞ-nin DYPB-nin Yol Patrul xidməti baş inspektoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsinin) 529.3-cü maddəsi ilə İXP ******* saylı, 14 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə materialları araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26197798 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Bayramov X2 Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmiş, xx.xx.2025-ci il tarixli, EQ 26200594 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Bayramov X2 Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmiş, xx.xx.2025-ci il tarixli, EQ 26200647 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Bayramov X2 Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Materiala əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs 30 iyun 2024-cü il tarixdə ölmüşdür. Müəyyən edilir ki, Şəxs 30 iyun 2024-cü il tarixdə ölməsinə baxmayaraq onun ölümündən 7 ay sonra baş vermiş inzibati xəta hadisələri ilə bağlı onun barəsində dəfələrlə inzibati xəta haqqında protokollar tərtib edilməklə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar qəbul edilmiş və həmin qərarları icra etmədiyi üçün ölümündən 11 ay sonra heç bir araşdırma tədbirləri aparılmadan ölmüş şəxsin barəsində İXM-nin 529.3cü maddəsi ilə inzibati xəta haqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin: 106.0.3, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən hallar mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmaması məsələlərini həll etməlidir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, şəxsin ölümündən sonra törədilmiş inzibati xəta ilə bağlı onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyindən, yəni inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından həmin protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddərini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 14 iyun 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Ağdaş Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilmir. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar