Məhkəmə qərarları › İş №3(014)-321/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-321/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-321/2024 27.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, Tələbkar Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1983-cü ildə Ağdaş şəhəri, Qarağan-Sədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-də inşaat fəhləsi vəzifəsində işləyən, Ağdaş şəhəri, Qarağan-Sədi kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1408/2023 saylı 06 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 2030 manat aliment borcu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1408/2023 saylı, 06 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2030 manat aliment borcu tutularaq Zərərçəkmiş şəxs verilməlidir. 2030 manatdan 800 manat məbləğində aliment ödəmişdir, lakin qəbzlərini icra məmuruna təqdim etməmişdir. Qalan yığılmış borcu borclu Şəxs icra sənədi üzrə qərəzli olaraq ödəməkdən boyun qaçırmışdır. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, icra sənədi barədə 2024-cü ilin fevral ayında məlumatı olmuş və həmin vaxtdan hər ay 200 manat, ümumilikdə 800 manat aliment ödəmişdir. Lakin anası xəstə və vəziyyəti ağır olduğu üçün bir neçə ay alimenti ödəyə bilməmiş və aliment borcu yığılmışdır. Həmçinin, həmin borc məhkəmə baxışı müddətində yığılmışdır. Hər ay borcundan 300 manat ödəyəcək. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur, sadəcə olaraq o, çağırışa vaxtı-vaxtında gəlmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs borcu məhkəmə baxışından yığılmış, o, 4 ay ona hər ay 200 manat olmaqla ümumilikdə 800 manat pul ödəmişdir. Hər ay 280 manat alimentdən başqa 50 manat əlavə pul ödəməsini qəbul edir və borclunun həbs olunmasını istəmir. Bu səbəbdən Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1408/2023 saylı 06 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 17 avqust 2023-cü il tarixdən başlayaraq 20 sentyabr 2008-ci il təvəllüdlü Baxışova aylin Nurəddin qızı və 25 yanvar 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq 145 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1408/2023 saylı 06 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 22 yanvar 2024-cü il tarixli bildirişindən görünür ki, borclu Şəxs borcun ödənilməsi barədə bildiriş göndərilmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra məmurunun icra qeydinin icrası barədə tələblərini pozmamışdır. Onun Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra qeydinin üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında təsdiq olunmadı. İcra sənədi 22 yanvar 2024-cü il tarixdən ağdaş rayon İcra və Probasiya şöbəsinin icraata daxil olmuş, həmin tarixdə də borcluya bildiriş göndərilmiş və 2024-cü ilin fevral ayında bu günədək borclu hər ay vaxtı-vaxtında cavabdehə 200 manat ödəniş etmiş və cavabdeh də bu faktı təsdiq edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar