Məhkəmə qərarları › İş №3(014)-330/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-330/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-330/2024 10.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi ilə xx.xx.2007-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan, yetkinlik yaşına çatmayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 10 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 21 iyun 2024-cü il tarixdə Ağdaş RMX-də xidmətdə olan polis serjantı R.Babayevin qanuni əmrlərinə tabe olmadan səs-küy salaraq müqavimət göstərmiş və səs-küy salmışdır. Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X1 01 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 10 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ağdaş rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi tərəfindən inzibati xəta haqqında araşdırma aparılmamış, təhqiqatçı tərəfindən təqdim edilən material əsasında yetkinlik yaşına çatmayan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində olan MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qanuni nümayəndənin adı, atasının adı, soyadı və ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı, protokolun surətinin ona verilmə tarixi qeyd edilməmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs barəsində inzibati xəta haqqında araşdırma aparılarkən izahatı qanuni nümayəndəsinin iştirakı ilə alınmamışdır. Material təhqiqat mərhələsində olarkən isə təhqiqatçı tərəfindən onun qanuni nümayəndəsi kimi əmisi X2 qeyd edilmişdir. Halbuki, cinayət prosessual və inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə əsasən fiziki şəxsin qanuni nümayəndələri valideynlər, övladlığa götürənlər, qəyyumlar, himayəçilər, habelə qəyyumluq və ya himayəçilik orqanı hesab olunurlar. Eyni zamanda, inzibati xəta haqqında materialda müdafiəçidən imtina haqqında protokol tam və düzgün doldurulmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin hansı vəkildən və hansı tarixdə imtina etməsi qeyd edilməmişdir. Həmçinin, inzibati xəta haqqında 10 iyul 2024-cü il tarixli, MN № ******* saylı protokol İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə tərtib edilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddənin hansı bəndinin tələblərini pozması göstərilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən prokurorun iştirakı da təmin edilməmişdir. Halbuki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora məlumat verilməlidir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Qeyd olunan Məcəllənin 63.3-cü maddəsinə əsasən bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Həmin olunan Məcəllənin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əlavə edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağdaş rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar