Məhkəmə qərarları › İş №3(014)-335/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-335/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-335/2024 16.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə 21 avqust 1981-ci ildə Ağdaş rayonu, Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-358/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli icra sənədinə əsasən cəmi 2490 manat aliment borcunu ödəməkdən imtina etmiş, beləliklə icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 16 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-358/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli icra sənədinə əsasən 03 mart 2016-cı il təvəllüdlü X6 və 17 aprel 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməli olan alimentin məbləği hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, iki uşaq üçün cəmi 320 manat müəyyən edilmişdir. İcra sənədi Ağdaş rayon İcra və Probasiya şöbəsinə 07 mart 2024-cü il tarixdə daxil olmuş, tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə bildiriş göndərilmişdir. Borclu Şəxs tərəfindən borc ödənilmədiyindən və çağırışlara gəlmədiyindən Ağdaş Rayon Məhkəməsinin 8(014)-109/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və tərəfindən 28 iyun 2024-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmişdir. Daha sonra Şəxsla telefon vasitəsi ilə əlaqə saxlanılmış və İcra şöbəsinə gəlməli olduğu ona bildirilmişdir. Şəxs İcra şöbəsinə gəlmiş, izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasov sualları cavablandıraraq bildirdi ki, X2 borclunun daşınar və ya daşınmaz əmlakının olması barədə müvafiq sorğular edilmiş, lakin adında heç bir əmlak aşkarlanmamışdır. Borclu İcra şöbəsinə gələrək müəyyən vaxtlarda az məbləğdə aliment borcunun ödənilməsinə dair qəbzləri təqdim etmiş və daha sonra heç bir ödəniş etmədiyindən 2490 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, əvvəllər işləyirdi və gəliri olduğundan məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəyirdi. Lakin sonradan işdən çıxdığı üçün yalnız atasının aldığı pensiya ilə alimentdən hissə-hissə olmaqla ödənişlər edirdi. Hazırda işləmədiyi və maddi imkanı olmadığından aliment borcunu ödəyə bilmir. Həmçinin tələbkar uşaqları ona göstərmir. Belə ki, tələbkar yığılmış aliment borcunu ödədikdən sonra uşaqları ona göstərəcəyini bildirmişdir. Onun isə 2490 manat borcu ödəmək imkanı yoxdur. Məhkəmə iclasında borclu Şəxs sualları cavablandıraraq bildirdi ki, icra məmurunun bütün çağırışlarına gəlmiş, borcu ödəməmək kimi niyyəti yoxdur. Dəfələrlə ödəniş etmiş və ödənişə dair qəbzləri icra məmuruna təqdim etmişdir. Sonunca dəfə keçən ay 200 manat ödəniş etmiş, bu ayın ödənişini isə atası pensiya aldıqdan sonra ödəyəcəkdir. Borcun ödənilməsindən imtina etmir və hazırda borcu ödəmək iqtidarında deyildir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, məhkəmə qətnaməsinə əsasən Şəxs hər ay 320 manat aliment ödəməli olduğu halda hər ay 50-100 manat məbləğində ödənişlər etmiş, lakin son iki-üç ay ayda 150-200 manat məbləğində ödənişlər etmişdir. Hər ay 320 manat məbləğində alimentin və yığılmış borcun ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki Apellyasiya Məhkəməsinin 2(107)-358/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 03 mart 2016-cı il təvəllüdlü X6 və 17 aprel 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməli olan alimentin məbləği hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, iki uşaq üçün cəmi 320 manat müəyyən edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 07 mart 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, həmin tarixdə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-358/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 28 iyun 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, borclu Ağdaş rayonu, Dəhnəxəlil kəndindində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Borclu Şəxs 15 iyul 2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsində vermiş olduğu izahatında bildirmişdir ki, icra sənədi üzrə hər ay 200 manat və imkanı yetəcək qədər ödəniş etmişdir. İmkanı olduqda aliment borcunu ödəyəcəkdir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-109/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qərardadın surətindən görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X3 borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin olunaraq, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-358/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli icra sənədinə əsasən borclu, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs müxtəlif tarixlərdə H***** N***** İ***** adlı, 523915******8284 nömrəli hesaba 50, 100, 150 və 200 manat məbləğində ödənişlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, xx.xx.1997-ci il). Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun və tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-358/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli icra sənədinin icrasını tam təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin qənaətinə görə hazırki vəziyyətdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan cərimə tənbehinin tətbiq edilməsi ağlabatan deyil. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Şəxs məhkəmə iclası zamanı aliment borcunu ödəməyə maddi imkanının olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda Şəxs barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması nəticə etibarilə məhkəmə qərarının icrasız qalmasına səbəb ola bilər. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmə daha əsaslı hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində müəyyən müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbs müddətinin əvvəli 16 iyul 2024-cü il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 16 iyul 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar