Məhkəmə qərarları › İş №3(014)-337/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-337/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-337/2025 15.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Şəxs Süleyman oğlunun iştirakları ilə, Şəxs Süleyman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Süleyman oğlu xx.xx.2025-ci il tarixli, EQ 26205414 nömrəli qərarla Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə ona tətbiq edilmiş 50 (əlli) manat məbləğində inzibati cəriməni və xx.xx.2025-ci il tarixli, EQ 26212503 nömrəli qərarla Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə ona tətbiq edilmiş 10 (on) manat məbləğində inzibati cəriməni 3 ay müddətində ödəmədiyindən onun barəsində Ağdaş RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin baş inspektoru X1 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inizbati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Süleyman oğlu məhkəmə iclasında izahat verərək göstərmişdir ki, barəsində qəbul edilmiş qərarlar üzrə cərimələri və dəbbə pulunu ödəmiş, odur ki, Azərbaycan Respublikasının İXM-nin 529.3cü maddəsi ilə barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26205414 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 26212503 nömrəli inzibati tənbeh vermə haqqından qərarlardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Süleyman oğlu xx.xx.2025-ci il tarixdə “KAMAZ 53229” minik markalı, 20BK828 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı və xx.xx.2025-ci il tarixdə “KAMAZ 53229” minik markalı, 20BK828 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddələr ilə təqsirli bilinərək 60 manat cərimə edilmiş, həmin cəriməni ödəmədiyindən əlavə olaraq 36 (otuz altı) manat məbləğində dəbbə pulu hesablanmışdır. Ağdaş rayon RPŞ-nin DYPB-nın portalından çıxarışlardan görünür ki, EQ 26205414 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar xx.xx.2025-ci il tarixdə, EQ 26212503 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar xx.xx.2025-ci il tarixdə Şəxs Süleyman oğluna göndərilmişdir. Məhkəmə, iş materiallarına məcmu halda qiymət verərək hesab edir ki, Şəxs Süleyman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli Mədaxil qəbzlərdən görünür ki,, xx.xx.2025-ci il tarixli, EQ 26205414 nömrəli və xx.xx.2025-ci il tarixli, EQ 26212503 nömrəli protokol üzrə cərimə məbləği və ona hesablanmış dəbbə pulu ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.1969-cu il tarixdə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş (FİN xxxxxxx) Şəxs Süleyman oğlu inzibati məsuliyyətdən azad edilməklə onun barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1969-cu il tarixdə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş (FİN xxxxxxx) Şəxs Süleyman xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar