Məhkəmə qərarları › İş №3(014)-349/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-349/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-349/2023 09.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində ucadan qışqıraraq söyüş söymüş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, Ağdaş şəhəri, H.Əliyev prospektində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə yaşadığı evə içkili getdiyi üçün ailəsi ilə aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı evdə səsküy yaranmış və arvadı qorxduğu üçün DİN-in 102 xidmətinə zəng edərək polis çağırmış, qısa müddətdən sonra yaşadıqları evə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onu Polis şöbəsinə dəvət etmişlər, o, isə polis əməkdaşları ilə razılaşmamış, daha sonra polis əməkdaşları onu Ağdaş RPŞ-yə gətirmişlər. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 20:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən binanın dəhlizində ucadan qışqıraraq səsküy salmış, ünvansız küçə söyüşləri söymüş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində H.Əliyev prospektində Ağdaş RPŞ-nin Əməliyyat istintaq qrupunun tərkibində xidmətdə olarkən saat 20 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yaşayan X3 DİN-in 102 Zəng Xidmətinə etmiş olduğu müraciəti ilə əlaqədar RPŞ-nin Növbətçi hissənin sürücüsü Elvin Qasımovla birlikdə həmin ünvana getmişlər. Həmin ünvana çatdıqda bir nəfər şəxsin (kişi) binanın dəhlizində ucadan qışqıraraq səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü görmüşlər. Həmin şəxsə özlərini təqdim edərək ondan sakit olmasını, ictimai qaydanı pozmamağı tələb etmişlər, lakin həmin şəxs onlara məhəl qoymayaraq yenidən ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyüb qanunvericilikdə müəyyən edilmiş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı pozmuşdur. Həmin şəxsə dəfələrlə xəbərdarlıq etsələr də Şəxs onlara məhəl qoymaraq onların üzərlərinə səs yüksəldərək danışmağa başlamışdır. Barəsində qanunla müəyyən edilmiş tədbir görülməsi üçün həmin şəxsi Ağdaş RPŞ-nin inzibati binasına dəvət etsələr də Tehran onların qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmış, onlar da güc tətbiq edərək onu RPŞ-yə gətirmişlər. Növbətçi hissədə həmin şəxsin Ağdaş şəhəri, H.Əliyev prospektində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid X4 da özündən əvvəl izahat vermiş şahid X6 ilə eyni məzmunlu izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 09 iyun 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı və şahidlərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşin materiallarında olan 07 iyun 2023-cü il tarixli, MN № ******* inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:56-da inzibati qaydada tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının ¾ həddində, yəni 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar