Məhkəmə qərarları › İş №3(014)-349/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-349/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-349/2025 26.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli, EQ № 28624075 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 16 iyun 2025-ci il tarixli, EQ № 28624075 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X2 məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(014)-349/2025 saylı qərarına əsasən X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamışdır. Həmin qərardan verilmiş apelyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 3(107)-232/2025 saylı Qərarına əsasən şikayət qismən təmin edilməklə, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(014)-349/2025 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar iş üzrə yenidən araşdırılaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılmışdır. Elçin Əliyev şikayətində göstərmişdir ki, barəsində inzibati tənbeh vermə haqqında elektron qərarın tərtib olunmasına səbəb xx.xx.2025-ci il tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 240-cı km-də özünə məxsus “TOYOTO FRONTLANDER HİBRİD” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə təhlükəsizlik kəmərini bağlamadan idarə etməklə inzibati xəta törətməsi olmuş, lakin o, həmin qərarla razı deyil, 16 iyun 2025-ci il tarixdə BakıŞamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən 240-cı km-də qeyd edilən avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamışdır, sadəcə kameranın yanından keçəndə sükanı sol əlilə qövsvari tutduğuna görə təhlükəsizlik kəməri taxmağı kameraya düşməmişdir, təhlükəsizlik kəmərini taxması şikayətə əlavə etdiyi rəngli foto şəkildən də aydın görünür, odur ki, hərəkətlərində inzibati xətanın tərkibi yoxdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 3(107)- 232/2025 saylı Qərarında göstərilmişdir ki, birinci insansiya məhkəməsi qərar qəbul edərkən X1 idarə etdiyi “X3” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edib-etməməsini müəyyən etmək üçün video kameradan həmin hadisənin video görüntülərini əldə etmək üçün müvafiq sorğu verməli, həmin videogörüntülərə baxış keçirilməsini təmin etməli, hadisə vaxtı sərnişin qismində avtomobildə olan şəxsin şahid qismində dindirilməsini təmin etməli, araşdırılmış sübutlar əsasında işin həqiqi faktiki hallarını müəyyən etməli, işin müəyyən olunmuş həqiqi hallarına hüquqi qiymət verilməli və nəticədə hərtərəfli, tam və obyektiv araşdırmanın nəticəsi olaraq yekun məhkəmə qərarı qəbul etməli idi ki, bunlar da edilməmişdir. Məhkəmə iclasında X2 izahat verərək təkrarən bildirdi ki, o, 16 iyun 2025-ci il tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 240-cı km-də özünə məxsus “X3” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmiş, sükanı sol əli ilə qövsvari tutduğuna görə təhlükəsizlik kəmərini bağlaması kamerada aydın görünməmişdir. Kameralardan əldə edilmiş görüntülər düzgün qiymətləndirilmir. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində tərtib edilmiş 16 iyun 2025-ci il tarixli, EQ №28624075 saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid qismində ifadə verərək göstərdi ki, 16 iyun 2025-ci il tarixdə özünə məxsus avtomobilinin təmiri ilə bağlı həmin gün səhər saatlarından günorta saat 17 radələrinədək tanışı X2 ilə birlikdə sonuncunun “X3” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ayrı-ayrı yerlərə getmiş, həmin gün Elçin Əliyev hər avtomobilə mindikdə təhlükəsizlik kəmərini bağlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 16 iyun 2025-ci il tarixli, EQ № 28624075 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə) törətdiyinə görə, onun barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. X1 həmin qərarın əsassız olmasına dair şikayətində irəli sürdüyü dəlillər ondan ibarətdir, o, 16 iyun 2025-ci il tarixdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 240-cı km-də özünə məxsus “X3” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmiş, sadəcə avtomobili idarə edərkən sükanı sol əli ilə qövsvari tutduğuna görə təhlükəsizlik kəmərini bağlaması kamerada görünməməklə nəticələnmiş, onun təqdim etdiyi fotoşəkillərə baxarkən isə kəmərin taxıldığını müəyyən etmək mümkün olur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarının 5-ci (E.Əliyevin təqdim etdiyi) və 17-ci səhifələrində olan foto şəkillərdən görünür ki, “X3” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü sağ əli ilə sükanı tutmuş, sol qolunu üfüqi tutmaqla, dirsək nahiyəsini perpendikulyar istiqamətdə yanındakı qapının pəncərəsinə dayamışdır. Bu zaman sürücünün sol və sağ çiyin hissəsində açıq rəngli geyiminin üzərində tünd rəngli kölgələr yaranmışdır. Lakin nəzərə alınmalıdır ki, avtomobildə sürücü oturacağının təhlükəsizlik kəməri sürücünün sol tərəfində olmaqla, bağlandığı halda sol çiyin üzərindən təxminən 45 dərəcə aşağı meyilli bucaqla uzanır. Fotoşəkillərdə görünən tünd rəngli kölgələr isə hər iki çiyində görünməklə və şaquli istiqamətdə olmaqla, 180 dərəcəli bucaqla yuxarıdan aşağıya doğru uzanır. Bununla da fotoşəkillərə diqqətlə baxıldıqda sürücünün təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etdiyi, sol və sağ çiyinlərindən geyimi üzərində yaranan kölgələrin isə sadəcə geyimin kölgəsi olduğu aydınlaşır. Beləliklə, şikayət vermiş şəxsin sol əli ilə təhlükəsizlik kəmərini tutması səbəbindən həmin kəmərin kamera vasitəsilə görünməməsi halı reallığı əks etdirmir. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-16/2-193435/2025 saylı məktubda göstərilmişdir ki, Təhlükəsiz Şəhər Kameralarının qeydə aldığı videogörüntülərin 1 ay müddətindən çox saxlanılmaması səbəbindən 16 iyun 2025-ci il tarixli, EQ 28624075 nömrəli qərarın qəbul edilməsinə əsas olmuş video görüntülərin təqdim edilməsi mümkün olmamışdır. İnzibati Xətalar Məcəlləsinin: 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanmasına səbəb olur. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasıdır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən pozuntulara yolverilmədiyindən X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli, EQ № 28624075 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli, EQ 28624075 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar