Məhkəmə qərarları › İş №3(014)-35/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-35/2021

09.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-35/2021 09.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs x xxxxxx 2021-ci il tarixdə, saat 11:50 radələrində X2 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «1-ci Market»-dən 81 manat dəyərində iki ədəd «Chivas Regal» adlı viskini oğurlamaqla talamışdır. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı H.Əliyevin x xxxxxx 2021-ci il tarixli qərarı ilə cinayət işi başlanması rədd edilmiş, X2 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsin tərkibi olduğu üçün onların barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-ə göndərilmişdir. Buna görə Şəxs barəsində x xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi, x xxxxxx 2021-ci il tarixdə X2 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «1-ci Market»-ə getdiklərini, marketdən iki ədəd «Chivas Regal» adlı viskini oğurladığını, sonra həmin viskiləri bazarın yaxınlığında tanımadıqları şəxsə 20 manat satdıqlarını, həmin puldan Cavidana 4 manat verdiyini, X1 marketdən oğlurluq etmədiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «1-ci Market»-də inzibatçı işlədiyini, x xxxxxx 2021-ci il tarixdə marketdə yoxlama aparılan zaman dəyəri 38 manat və 43 manat olan iki ədəd «Chivas Regal» adlı viskinin yerində olmadığını müəyyən etdiklərini, təhlükəsizlik kamerası vasitəsi ilə x xxxxxx 2021-ci il tarixdə, saat 11:50 radələrində iki nəfər şəxsin həmin viskiləri oğurladığını müəyyən etdiklərini, ərizə ilə Ağdaş RPŞ-ə müraciət etdikdən sonra marketdən oğurluq edən şəxslərin X2 və Şəxs olmasının müəyyən olunduğunu, hazırda vurulmuş zəyanın ödənilmədiyini və onlara qarşı şikayətçi olduğunu bildirdi. İnzibati qaydada tutma haqqında protoldan görünür ki, Şəxs x xxxxxx 2021-ci il tarixdə, saat 18:30-da tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunu, iş üzrə zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talmağa görə 160 saatdan 240 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloci sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 33.1.2 və 33.1.5-ci maddələrinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını, məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq onun barəsində ictimai işlər tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni x xxxxxx 2021-ci il tarixdən, saat 18:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1964-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağdaş rayonu, Ləki qəsəbəsi, N.Məmmədov küçəsi 3/18-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə təqsirli bilinib barəsində iyirmi beş gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli x xxxxxx 2021-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar