Məhkəmə qərarları › İş №3(014)-35/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-35/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-35/2025 13.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ofisiant işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-511/2024 saylı 22 avqust 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay 360 manat aliment tutulub Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-511/2024 saylı 22 avqust 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay 360 manat aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 2024-cü ilin avqust ayında icraatına daxil olmuş və xx.xx.2024-cü il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs bildiriş verilməklə icra sənədində olan tələb və alimenti vaxtı-vaxtında ödəməsi ona izah edilmişdir. Lakin Şəxs icra sənədi üzrə olan alimenti heç vaxt vaxtında və tələb olunan məbləğdə ödəməmişdir. Onun barəsində inzibati cəlb edilmə və müxtəlif tədbirlər görülməsinə baxmayaraq Şəxs aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Bu səbəbdən Şəxs bugünə Zərərçəkmiş şəxs 3700 manat aliment borcu yaranmışdır. Şəxs aliment borcunu ödəməsi tələb olunsa da, borclu 3700 manat borcu üzrsüz səbəbdən ödəmir. Tələbkar Zərərçəkmiş şəxs aliment borcunun hamısının birdəfəlik ödənilməsini tələb edir. Şəxs isə borcu birdəfəlik ödəyə bilmir. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Şəxs hətta çağırışlara gəlmədiyinə görə barəsində məcburi gətirilmə haqqında qərar, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması haqqında qərar və borclunun axtarışı haqqında qərar da qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tələb olunan aliment borcunun ödənilməsinə yönəldiləcək hər hansı əmlakı aşkar edilməmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, üç uşaq olmaqla hər ay hər uşaq üçün 120 manat aliment ödəməlidir. Maddi imkanı zəif olduğu üçün o, alimenti tam olaraq ödəyə bilməmiş və borcu yığılmışdır. Günü 15 manata ofisiant işləyir, borcun hamısını ödəməyə imkanı yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs ilə birgə nikahdan üç övladı var, borclunun bütün proseslərdən xəbəri olmuş və özü qərəzli şəkildə borcunu ödəməkdən yayınmışdır. Uşaqların tələbatını qarşılamağa gücü çatmır. Şəxs hər dəfə pul ödəməkdən boyun qaçırır, onun verdiyi heç bir sözə inanmır. Ruslana dəfələrlə zəng vurub aliment borcunun yığıldığını və ödəməli olduğunu bildirmişdir. Şəxs inzibati tənbeh verilməsini xahiş edir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinə 22 avqust 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 06 mart 2024-cü il tarixdən başlayaraq 19 oktyabr 2015-ci il təvəllüdlü X2, 30 may 2017-ci il təvəllüdlü X6 və 03 aprel 2021-ci il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-163/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərardına əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-511/2024 saylı 22 avqust 2024-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1989-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-165/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərardadına əsasən xx.xx.1989-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 06 yanvar 2025-ci il tarixli qərardadına əsasən xx.xx.1989-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən axtarış nəticəsində gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 13 yanvar 2025-ci il tarixdən saat 16:25-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 13 yanvar 2025-ci il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar