Məhkəmə qərarları › İş №3(014)-352/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-352/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-352/2020 14.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində bazar adlanan ərazidə Yol Patrul Xidmətinin əməkdaşları ilə aralarında yaranan mübahisə zamanı onları söyüb təhqir edərək və qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tələbini pozmuşdur. Buna görə onun barəsində xx xxxxxxxx 2020-ciil tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi, xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində evdə dincələrkən həyat yoldaşının onu çağırıb atası Məmmədov Rövşən Vahid oğlunun Ağdaş RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşları ilə dalaşdığını bildirdiyini, küçəyə çıxanda həqiqətən də polis əməkdaşları ilə qaynatası R.Məmmədovun mübahisə etdiyini gördüyünü, onlara yaxınlaşıb qaynatasından nə istədiklərini soruşduğunu, polis əməkdaşlarının onun qolundan tutub içəri keçməsini tələb etdiyini, ona aidiyyəti olmadığını bildirdiklərini, sonra da onu təhqir etdiklərini, bu zaman onsuz da əsəbi olduğundan həyətində olan taxta parçasını götürüb onların üzərinə getdiyini, lakin qaynatasının onu tutub sakitləşdirdiyini, polis əməkdaşlarını söyüb təhqir etmədiyini, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, onların qanuni tələbinə qəsdən tabe olmadığını, buna görə polis əməkdaşlarının onu Polis Şöbəsinə dəvət etdiklərini, bu hərəkəti əsəbi olduğu üçün etdiyini, hazırda əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirdi. İş üzrə şahid Ağdaş rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin polis nəfəri Şahid məhkəmə iclasında xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində Ağdaş rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru Emin Qurbanovla birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində bazar adlanan ərazidə xidmətdə olan zaman “VAZ-2172” markalı 4628CH178 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü, sonradan adı onlara məlum olan Məmmədov Rövşən Vahid oğlunun avtomobili yolun hərəkət hissəsində saxlayaraq digər hərəkət iştirakçılarının normal hərəkətinə maneçilik törətdiyi üçün həmin avtomobilin arxasında dayandıqlarını, bu zaman Məmmədov Rövşən Vahid oğlunun onlara yaxınlaşıb kobud danışmağa başladığını və avtomaşına əyləşərək yüksək sürətlə yerindəntərpədib getdiyini, buna görə onun arxacınca getdiklərini, həmin avtomobilin 500-600 metr getdikdən sonra dayandığını, ona yaxınlaşaraq törətdiyi inzibati xətanı izah etmək istəyərkənsonradan adı onlara məlum olan Rövşən Məmmədovun kürəkəni Şəxs onlara yaxınlaşıb səs-küy saldığını və onlara xidməti vəzifələrini yerinə yetirməyə mane olduğunu, onlar Şəxs və Məmmədov Rövşən Vahid oğlunu nizamintizama dəvət etsələr də, öz qanunsuz hərəkətlərini davam etdirdiklərini, onlara etiraz edərək qanuni tələblərinə məhəl qoymadıqlarını, buna görə də hər ikisini Polis Şöbəsinə dəvət etdiklərini təsdiq etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında materiala əlavə olunmuş xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, Şəxs inzibati xəta törətdiyinə görə Polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı onun barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunması müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(014)-70/2020 saylı qərarın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloci sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, yəni daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən, saat 10:45-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1985-ci ildə Ağdaş şəhərində olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində səkkiz gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 10:45-dən hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar