Məhkəmə qərarları › İş №3(014)-362/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-362/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-362/2021 07.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci il tarixdə Ağdaş rayonu Yuxarı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, “Vətən müharibəsi” iştrakçısı, Ağdaş rayonu Yuxarı kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 07 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 2021-ci ilin sentyabr ayında Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsindən “Restoran”ın fasadında müvafiq icazə olmadan reklam yerləşdirmişdir. Məhkəmədə izahat vermiş Şəxs göstərmişdir ki, ona məxsus Bakı-Qazax yolunun Ağdaş rayonu Ləki kəndi ərazisindən keçən hissəsindən “Restoran” var. 2021-ci ilin may ayının əvvəllərində Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin əməkdaşları həmin restorana baxış keçirərək, ona bildirmişlər ki, restoranın üzərində olan reklam plokatlarına müvafiq icazə almalıdır. Sonradan məhkəmədən bildiriş gələn zaman bilmişdir ki, onun barəsində protokol tərtib edilmişdir. Hesab edir ki, protokolda qeyd edilən tam əsassızdır. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi məhkəməyə müraciət edərək, protokola nümayəndələrinin iştrakı oladan baxılmasını və iş üzrə inzibati cərimə tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarına əlavə edilmiş 05 may 2021-ci il tarixli, Rİ-8-01/04 nömrəli xəbərdarlıq məktubundan görünür ki, aşkar edilmiş qanun pozuntusunun aradan qaldırılması üçün Şəxs 5 (beş) gün vaxt verilmişdir. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmişdir. Göründüyü kimi Şəxs tərəfindən inzibati xəta 05 may 2021-ci il tarixdə törədilmişdir. Lakin onun barəsində inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilməli olduğu Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol 08 sentyabr 2021-ci il tarixdə tərtib edilərək, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra məhkəməyə göndərilmiş, 16 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına Həmin Məcəllənin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.6-cı maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar