Məhkəmə qərarları › İş №3(014)-365/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-365/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-365/2025 18.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxx 1968-ci ildə Ağdaş rayonu, Şəmsabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Şəmsabad kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-2281/2017 nömrəli, 22 avqust 2017-ci il tarixli icra sənədinə əsasən 17280 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməkdən imtina etmiş, beləliklə icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 18 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2281/2017 nömrəli, 22 avqust 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 13 iyul 2017-ci il tarixdən başlayaraq 08 avqust 2008-ci il təvəllüdlü X8 və 29 mart 2011-ci il təvəllüdlü X5 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Sözügedən icra sənədi 21 sentyabr 2017-ci il tarixdə İcra şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair Şəxs bildiriş göndərilmişdir. Şəxs borcu ödəmədiyi üçün qeydiyyatda olduğu ünvana xəbərdarlıq məktubu göndərilmiş, lakin çağırışa gəlmədiyi üçün 06 may 2019-cu il tarixdə borclunun məcburi gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət edilmiş, Ağdaş Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli qərarı ilə təqdimat təmin edilərək, Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair qərar qəbul edilmişdir. 12 yanvar 2021-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilmiş, həmin qərar icra edilməsi üçün Ağdaş rayon Polis Şöbəsinə göndərilmişdir. Şəxs Azərbaycan Reespublikası ərazisini tərk etdiyinə görə barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 24 mart 2021-ci il tarixdə dövlətlərarası axtarış elan edilmişdir. Şəxs 18 iyul 2025-ci il tarixdə, saat 05:20-də Ağdaş rayon Polis Şöbəsinə gətirilərək saat 09:30-da İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs izahatı alınmış və aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Rusiya Federsaiyası, Sank-Peterburq şəhərində yaşayır və orada işləyirdi. Tələbkarla həmin şəhərdə yaşadıqları üçün aliment borcundan əlbəəl tələbkara vermiş, lakin heç bir qəbz almamışdır. Ona vaxt veriləcəyi halda o, aliment borcundan ödənişlər edəcəkdir. Azərbaycana yeni gəlmiş və dərhal polis əməkdaşları tərəfindən Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Barəsində həbslə əlaqəli olmayan tənbeh tədbirinin seçilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Məhkəməsinin 2(014)-2281/2017 nömrəli, 22 avqust 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 13 iyul 2017-ci il tarixdən başlayaraq 08 avqust 2008-ci il təvəllüdlü X8 və 29 mart 2011-ci il təvəllüdlü X5 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 21 sentyabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişin surətindən görünür ki, həmin tarixdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-2281/2017 nömrəli, 22 avqust 2017-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 14 avqust 2018-ci il, 26 aprel 2019-cu il və 12 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Şəxs qeydiyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 06 avqust 2018-ci il tarixli borclunun axtarılması barədə qərarın surətindən görünür ki, Ağdaş rayonu, Şəmsabad kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilməsinə dair qərar qəbul edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 05 may 2019-cu il tarixli borclunun məcburi gətirilməsinə dair təqdimat və Ağdaş Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli qərarının surətindən görünür ki, Ağdaş rayonu, Şəmsabad kəndində yaşayan Şəxs məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsinə dair qərar qəbul edilmişdir. Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş 18 iyul 2025-ci il tarixli məktubdan görünür ki, 20 yanvar 2021-ci il tarixli, 220713 saylı axtarış işinə əsasən, xx xxxxxx 1968-ci il tarixdə Ağdaş rayonu, Şəmsabad kəndində doğulmuş və həmin ünvanda qeydiyyatda olan Şəxs 18 iyul 2025-ci il tarixdə, saat 05:20-də Ağdaş rayon Polis Şöbəsinə gətirilərək saat 09:30-da Ağdaş rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Ağdaş Rayon Məhkəməsinin 2(014)-2281/2017 nömrəli, 22 avqust 2017-ci il tarixli icra sənədinin icrasını tam təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin qənaətinə görə hazırki vəziyyətdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan cərimə tənbehinin tətbiq edilməsi ağlabatan deyil. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Şəxs məhkəmə iclası zamanı borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, icra sənədi üzrə borcu tam ödəyə bilmədiyi halda Şəxs barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması nəticə etibarilə məhkəmə qərarının icrasız qalmasına səbəb ola bilər. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmə daha əsaslı hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində müəyyən müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbs müddətinin əvvəli 18 iyul 2025-ci il tarixdən, saat 05:20-dən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 03 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 18 iyul 2025-ci il tarixdən, saat 05:20-dən hesablansın. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar