Məhkəmə qərarları › İş №3(014)-366/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-366/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-366/2021 24.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs və Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri X1 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdaş rayonu Qobuüstü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Ağdaş şəhərində 24 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən 24 sentyabr 2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 10830 manat borcunu üzrsüz səbəbdən Zərərçəkmiş şəxs ödənilməmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 məhkəmə iclasında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1436/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsi Ağdaş Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Şəxs həmin borcunu ödəməsi tələb olunsa da, maddi imkanının zəif olmasını səbəb göstərərək borcunu ödəməkdən imtina edərək onun qanuni tələbini yerinə yetirmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1436/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən ondan Zərərçəkmiş şəxs xeyrinə 17800 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Hazırda qalıq borcu olan 10830 manat borcdan 2300 manatını zərərçəkmiş şəxsə ödəmişdir. Qalan borcunu hissə-hissə olaraq tam ödəyəcəkdir. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsin xahiş etmişdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1436/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən Şəxs onun xeyrinə 17800 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Şəxs ona borclu olduğu 10830 manat borcdan 2300 manatını ödəmiş, qalan borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Buna görə də inzibati xəta haqqında protokola xitam verilməsin xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, borclu Şəxs icra sənədi üzrə olan borcundan 2300 manatını zərərçəkmiş şəxsin hesabına ödəmişdir. Məhkəmə, təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1436/2017 saylı 31 avqust 2017-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməsi və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində müəyyən olunmuş müddətdə borcun üzrsüz səbəbdən icra etmədiyinə dair sübut müəyyən edilməmişdir. Belə ki, Şəxs zərərçəkmiş şəxsə borclu olduğu 10830 manat borcdan 2300 manatını zərərçəkmiş şəxsə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 84, 112, 114, 115, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş 20 sentyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar