Məhkəmə qərarları › İş №3(014)-367/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-367/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-367/2022 18.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 16 iyul 2022-ci il tarixdə, saat 18:00 radələrində Ağdaş rayonu, Şordəhnə kəndində "Ağ saray” şadlıq sarayından oğurlanmış telefonla bağlı şübhəli bilindiyi üçün Polis şöbəsinə dəvət olunmasına baxmayaraq sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı töörətmişdir. Buna görə Şəxs barəsində 18 iyul 2022-ci il tarixdə MN ******* N-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və bildirdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:00 radələrində yaşadığı Ağdaş rayonunun Şordəhnə kəndində ona yaxınlaşıb onu Polis şöbəsinə dəvət edən iki nəfər polis əməkdaşına qarşı kobudluq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır. İş üzrə şahid Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1 məhkəmə iclasında verdiyi ifadəsində “Ağ saray” şadlıq sarayında baş vermiş telefon oğurluğu hadisəsində Ağdaş rayonunun Şordəhnə kənd sakini Şəxs şübhəli bilindiyi üçün digər əməliyyatçı ilə birlikdə 16 iyul 2022-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Ağdaş rayonunun Şordəhnə kəndində Şəxs yaxınlaşaraq özlərini təqdim edərək onu Polis şöbəsinə dəvət etdiklərini, lakin Şəxs bundan imtina etdiyini, ondan dəfələrlə qanuni tələblərinə tabe olmasını tələb etdiklərini, lakin Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək Polis Şöbəsinə getməkdən imtina etdiyini, onun həmin vaxt sərxoş olduğunu bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iş üzrə şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə olunmuş 18 iyul 2022-ci il tarixli arayışdan məlum olur ki, Şəxs inzibati xəta törətdiyinə görə Polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı Şəxs barəsində xx.xx.2022-ci il tarixdə AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunduğu və həmin protokola əsasən barəsində müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati qaydada həbs inzibati cəzası tətbiq olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə olunmuş 16 iyul 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs 16 iyul 2022-ci il tarixdə saat 20:05 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs əməlindən peşman olmasını bildirməsi onun məsuliyyətini yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ağırlaşdırıcı hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutlduğu tarixdən və vaxtdan, yəni 16 iyul 2022-ci il tarixdə saat 20:05-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 28 avqust 1977-ci ildə Ağdaş rayonu, Şordəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Şordəhnə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 -ci maddəsi ilə təqsirli bilinib barəsində on gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 16 iyul 2022-ci il tarixdə saat 20:05-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar