Məhkəmə qərarları › İş №3(014)-367/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-367/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-367/2025 18.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonunun Yenicə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(003)-1778/2022 saylı icra sənədinə əsasən X4 xeyrinə aliment ödənilməli olduğu halda iş üzrə yığılmış 5843 manat aliment borcunu üzrsüz səbəbdən ödəməməklə icra məmurunun qanuni tələbini icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borclu Şəxs borcunu ödəməsi ilə bağlı xəbərdarlıqlar edilmiş, lakin borclu borcunu ödəməkdən hər dəfə boyun qaçırmış və nəticədə 5843 manat aliment borcu yaranmışdır. Borclu çağırışlara vaxtı-vaxtında gəlmir, yalnız axtarış nəticəsində şöbəyə gətirilmişdir. İnzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, səhhətində problem olduğu və işsiz olduğu üçün yığılmış aliment borcunu ödəyə bilməmiş, hazırda da ödəyə bilmir, barəsində yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə teleqram vuraraq bildirdi ki, Şəxs qət edilmiş qətnamənin tələblərinə riayət etmir və 13 sentyabr 2022-ci il tarixdə iki övladına kəsilmiş aliment məbləğinin ödənişini bu günə qədər etməmiş, qətnamənin icra edilməsinə dair qanunvericiliyin tələblərinə uyğun olaraq34 ay müddətində hesablanmış 10880 manat aliment borcunu alınıb ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci tarixli 2(003)-1778/2022 saylı icra vərəqsindən görünür ki, xx.xx.2010-ci ul təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə 160 (bir yüz atmış) manat sabit pul məbləğində aliment tutmalıdır. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, 13 oktyabr 2022-ci il tarixdə həmin icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 13 oktyabr 2022-ci il tarixli № № 1/217349/2022 saylı bildirişin surətindən görünür ki, Şəxs borcun ödənilməsi üçün bildiriş 13 oktyabr 2022-ci il tarixdə göndərilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 13 oktyabr 2022-ci il tarixli № e185091/2024-71-7-005 saylı məlumatdan görünür ki, Şəxs borcun ödənilməsinə dair məlumat verilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin № e214349/2022- 71-1-001 saylı 24 fevral 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs son xəbərdarlıq edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin № e214349/2022- 71-1-001 saylı 30 mart 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs son xəbərdarlıq edilmişdir. İş materiallarında olan “Borclunun axtarışı haqqında” qərardan görünür ki, 23 aprel 2024-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilmişdir. İş materiallarında olan “Borclunun axtarışı haqqında” qərardan görünür ki, 10 iyun 2025-ci il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən № 3-13-62/2- 15679/2025 saylı 18 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Şəxs barəsində 220331 saylı axtarış işi açılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən axtarış nəticəsində gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs etmənin əvvəli 17 iyul 2025-ci il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 18 iyul 2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar