Məhkəmə qərarları › İş №3(014)-370/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-370/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-370/2021 23.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs və Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri X1 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Ağdaş rayonu Pirkəkə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdaş rayonu Pirkəkə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Ağdaş şəhərində 23 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X3 tərəfindən 23 sentyabr 2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 1500 manat aliment borcunu üzrsüz səbəbdən Zərərçəkmiş şəxs ödənilməmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X3 məhkəmə iclasında göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-95/2021 saylı 02 fevral 2021-ci il tarixli qətnaməsi Ağdaş Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Şəxs həmin aliment borcunu ödəməsi tələb olunsa da, maddi imkanının zəif olmasını səbəb göstərərək borcunu ödəməkdən imtina edərək onun qanuni tələbini yerinə yetirmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 95/2021 saylı 02 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 24 sentyabr 2020-ci il tarixdən başlayaraq 06 yanvar 2006-cı ildə anadan olmuş X2,12 dekabr 2006-cı ildə anadan olmuş X4 və 03 dekabr 2008-ci ildə anadan olmuş X5 18 yaşına çatana qədər onların saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 300 (üç yüz) manat aliment tutulması qət edilmişdir. Hazırda qalıq həmin borcdan 100 manatını zərərçəkmiş şəxsə ödəmişdir. Qalan borcunu sentyabr ayının sonuna kimi tam olaraq ödəyəcəkdir. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsin xahiş etmişdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-95/2021 saylı 02 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs ona 1500 manat alıment borcu vardır. Hazırda Şəxs ona borclu olduğu puldan 100 manatını ödəmiş, qalan borcunu sentyabr ayının sonuna kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Buna görə də inzibati xəta haqqında protokola xitam verilməsin xahiş etmişdir. Məhkəməyə zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, borclu Şəxs icra sənədi üzrə olan borcundan 100 manatını zərərçəkmiş şəxsin hesabına ödəmiş, qalan borcunu sentyabr ayının sonuna kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə, təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-95/2021 saylı 02 fevral 2021-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməsi və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində müəyyən olunmuş müddətdə borcun üzrsüz səbəbdən icra etmədiyinə dair sübut müəyyən edilməmişdir. Belə ki, Şəxs zərərçəkmiş şəxsə borclu olduğu borcu tam olaraq ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 84, 112, 114, 115, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X3 tərəfindən tərtib edilmiş 23 sentyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar