Məhkəmə qərarları › İş №3(014)-372/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-372/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-372/2022 19.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 19 iyul 2022-ci il tarixdə, saat 02:00 radələrində Ağdaş rayonu Xosrov kəndində yerləşən evinin qarşısında küçədə ictimai qaydanı pozaraq uca səslə ünvansız söyüşlər söyərkən polis əməkdaşının - ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polis əməkdaşının qanuni əmrinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Buna görə onun barəsində 19 iyul 2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bildi və 19 iyul 2022-ci il tarixdə, saat 01:45 radələrində ögey atası olan X3 cibindən düşüb itən pul ilə bağlı evlərində mübahisə olduğunu, buna görə Polisin qaynar xəttinə zəng etdiyini, həmin gün spirtli içki qəbul etdiyini, sərxoş vəziyyətdə olduğunu, gecə saatlarında polis əməkdaşlarının onun yaşadığı ünvana gəldiklərini, onlara yuxarı çıxmamalarını dediyini və atalığının övladlarının oraya çağırılmalarını istədiyini, həmin vaxt əlində dəhrə olduğunu, lakin həmin dəhrə ilə heç kimə xəsarət etmək fikrinin olmadığını, bir gün əvvəl həmin dəhrə ilə ilan öldürdüyünü və buna görə dəhrəni evində saxladığını, polislərin istədiyim şəxsləri çağırmadıqlarını görüb qışqır-bağır salmağa başladığını, bu zaman polis əməkdaşlarının onu nizam-intizama dəvət etdiklərini, lakin onların qanuni tələbinə tabe olmadığını, həmin hərəkətlərini davam etdirdiyini, sonra polis əməkdaşlarının onu Polis şöbəsinə gətirdiklərini, hazırda əməlindən peşman olduğunu və polis əməkdaşlarından üzr istədiyini bildirdi. İş üzrə şahid Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı X5 məhkəmə iclasında verdiyi ifadəsində 19 iyul 2022-ci il tarixdə, təxminən saat 01:35 radələrində Ağdaş rayon Xosrov kənd sakini Şəxs DİN-nin 102 xidmətinə ünvanlandığı müraciətlə bağlı Əməliyyat istintaq qrupunun işçiləri, əməliyyatçı, polis baş leytenantı Fərman Məmmədli və sürücü polis baş serjantı Əlövsət Məmmədovla dərhal hadisə yerinə getdiklərini, həmin vaxt M.Əliyevin sərxoş vəziyyətdə əlində dəhrə ilə onların qarşısına çıxaraq ucadan nalayiq söyüşlərlə onları və ailəsini təhqir edərək intizamsızlıq etdiyini, Şəxs dəfələrlə nizam-intizama dəvət etdiklərini, lakin Şəxs daha da əsəbiləşərək həyat yoldaşının saçından tutaraq hədələdiyini, Şəxs sakitləşmədiyini görüb onu RPŞ-nə gətirdiklərini bildirdi. İş üzrə digər şahidlər Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları X6 və X4 məhkəmə iclasında polis əməkdaşı X1 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs onun əri olduğunu, əri ilə onun arasında heç bir problemin olmadığını, 19 iyul 2022-ci il tarixdə, təxminən saat 01:35 radələrində evdə olan bir mübahisə ilə bağlı əri Şəxs DİN-nin 102 xidmətinə zəng etdiyini, bir qədər sonra polis əməkdaşlarının Ağdaş rayonu Xosrov kəndində yaşadıqları ünvana gəldiklərini, həmin vaxt ərinin sərxoş olduğunu, onun polis əməkdaşlarına qarşı aqressiv olduğunu və ucadan səsküy saldığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, o, Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, həmin xətaların törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 19 iyul 2022-ci il tarixli 145 saylı protokoldan məlum olur ki, X7 19 iyul 2022-ci il tarixdə saat 03:35 radələrində sərxoşluq müayinəsindən keçirilmiş və onun orta dərəcəli sərxoş olması müəyyən olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında 19 iyul 2022-ci il tarixli ******* saylı protokoldan məlum olur ki, X7 19 iyul 2022-ci il tarixdə saat 03:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmamasını, məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində Şəxs barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu tarixdən və vaxtdan, yəni 19 iyul 2022-ci il tarixdən, saat 03:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1991-ci ildə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də xəmiryoğuran işləyən, Ağdaş rayonu, Xosrov kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 19 iyul 2022-ci il tarixdən, saat 03:00-dan hesablansın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar