Məhkəmə qərarları › İş №3(014)-372/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-372/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-372/2024 02.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi Vəkil iştirakları ilə xx.xx.1990-cı ildə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs məhkəmənin qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 izahat verərək göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-404/2024 saylı, 05 aprel 2024-cü il tarixli icra sənədi üzrə Cavabdeh Şəxs 06 fevral 2024-cü il tarixdən başlayaraq 18 dekabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Hazırda borclu Şəxs icra sənədi üzrə 850 manat aliment borcunu qərəzli olaraq ödəmir və borcları ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə dəvət olunsa da, çağırışlara cavab verməmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, qeydiyyatda olduğu ünvanda yaşamadığını, buna görə də məhkəmə qətnaməsindən məlumatı olmadığını, eyni zamanda uzun müddətdir ki, uşağı ilə ünsiyyətdə olmadığını, hazırda yığılıb qalan aliment borcunu ödəyə bilmədiyini, ona kart hesabı verilərsə günlük işləyərək həmin karta aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək, Şəxs işlədiyini, lakin buna baxmayaraq aliment borcunu ödəmədiyini, ona vaxt verilməsinə razı olmadığını, ondan şikayətçi olduğunu və borcunun tam ödənilməsini bildirdi. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 02 avqust 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəmədə verdiyi izahatı və işin materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 124, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 02 avqust 2024-cü il tarixindən, saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar