Məhkəmə qərarları › İş №3(014)-379/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-379/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-379/2025 24.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Quliyeva Aidə Binyamin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1966-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonunun Yenicə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(014)-415/2024 saylı icra vərəqəsinə əsasən Şəxs və X2 672 manat borcun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin Şəxs borcu ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(014)-415/2024 saylı qətnaməsinə əsasən borcluya borcunun ödənilməsi ilə bağlı xəbərdarlıqlar edilmiş, hər dəfə yalan vədlər verərək borcu ödəməkdən boyun qaçırmışdır. Məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, gözləri zəyif gördüyü üçün protokola imza çəkməmişdir. Onun borcu ödəməyə imkanı yoxdur, ona vaxt verilməsi heç bir nəticə verməyəcəkdir. Qəti şəkildə borcunu ödəməyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borcluya borcunun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, hər dəfə borcunu ödəməkdən boyun qaçırmış, əvvəl borcunu ödəməsi ilə bağlı ona vaxt verilmiş, daha sonra o, 2 il müddətində heç bir ödəniş etməmişdir. İnzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli e- 2(014)-415/2024 saylı icra vərqəsinə əsasən cavabdehlər Şəxs və X2 632 (altı yüz otuz iki) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 642 (altı yüz qırx iki) manat məbləğində borc və 30( otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan 10 may 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-415/2024-006 saylı, 15 mart 2024-cü il tarixli icra vərqəsi üzrə 10 may 2024-cü il tarixdə icraata başlanmışdır. İş materiallarında olan 10 may 2024-cü il tarixli № № e152928/2024-71-5-003 saylı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə üzrə tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. İş materiallarında olan 24 iyul 2025-ci il tarixli aktdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli e-2(014)-415/2024 saylı icra vərəqəsinə əsasən Şəxs izahat yazmaqdan imtina etmişdir. Ona görə də onun barəsində akt tərtib edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirilən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar