Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-383/2021 27.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1961-ci ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri aşkar edilmiş və həmin çətənə bitkiləri Şəxs tərəfindən əkilib-becərildiyi və aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 tərəfindən 11 sentyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 27.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, hərdən bir narkotik vasitə qəbul edir, lakin xəstəsi deyil. Təxminən 2 il əvvəl yaşadığı kəndin ərazisində dəqiq olaraq xatırlamadığı yerdən narkotik tərkibli bitkinin toxumlarını tapmışdır. Həmin toxumları nə vaxtsa öz istifadəsi üçün əkmək məqsədilə özündə saxlamışdır. 2021-ci ilin mart ayının sonlarında həmin bitki toxumlarını yaşadığı Ağdaş rayonu Qaradeyin kəndində yerləşən evinin həyətində olan xiyar tağları əkib-becərdiyi istixanada xiyar şitillərinin arasında əkmişdir. Həmin narkotik tərkibli bitki toxumlarını əkdikdən sonra ona mütəmadi olaraq qulluq göstərmiş, belə ki, alaq otlarını təmizləmiş və suvarmışdır. 02.09.2021-ci il tarixdə təxminən saat 13:30 radələrində polis əməkdaşları ona yaxınlaşaraq ona məxsus həyətyanı sahədə narkotik tərkibli bitkilərin əkilibbecərilməsi barədə onlarda məlumat olduğunu, buna görə də onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Daha sonra onun iştirakı ilə narkotik tərkibli bitki əkmiş olduğu yerə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı orada onlardan başqa aqronom da iştirak etmişdir. Baxış zamanı onun əkmiş olduğu 2 ədəd narkotik tərkibli bitki torpaqdan kök hissədən çıxarılmış və hündürlüyü ölçülmüşdür. Həmin bitkinin ən böyüyünün hündürlüyü 3 metr 80 sm, ən kiçiyinin hündürlüyü isə 3 metr 26 sm olmuş, bundan sonra aşkar edilmiş bitkilər 5 ədəd kisəyə qablaşdırılmış və DİN-in 111 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmış və məhkəmə-bioloji ekspertizası təyin edilməsi üçün götürülmüşdür. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, Ağdaş rayonu Qaradeyin kənd sakini Şəxs yaşadığı evin həyətyanı sahəsindən çətənə bitkiləri aşkar edilmiş və həmin çətənə bitkiləri Şəxs tərəfindən əkilib becərilib və aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 tərəfindən 11 sentyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Buna görə də hadisə araşdırılaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 02.09.2021-ci il tarixli, 17/652 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış ağ kağızda “Vət. Şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş...” sözləri yazılmış sintetik kisələrin içərisində, hündürlükləri hündürlükləri 326 sm-dən 380 sm-dək, ümumi təmiz çəkiləri – 38 kiloqram 865 qram olan 2 (iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd çətənə bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom mütəxəssis Arif Səmədovun 02 sentyabr 2021-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, videoçəkiliş apararaq Şəxs yaşadığı evin həyətyanı sahəsinə aqronom Arif Səmədov və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Raufun yaşadığı evin həyətyanı sahəsində xiyar tağları əkib-becərdiyi istixanada xiyar şitillərinin arasında 2 ədəd narkotik tərkibli bitki aşkar olunmuş, daha sonra Raufun yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardılmış və hündürlükləri ölçülmüş, ən kiçik bitkinin hündürlüyü 326 sm, ən böyüyünün isə hündürlüyü 380 sm olmuş, sonra həmin bitkilər 5 ədəd kisələrə qablaşdırılmış, kisələrin üzərinə imza edilmiş, daha sonra kisələrin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 27.09.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, ona inzibati həbsin tətbiq edilməsini istisna edən hallar mövcud deyil. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 27.09.2021-ci il tarixindən, saat 18:00-dan hesablansın. Hazırkı iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan ümumi çəkisi 38 kiloqram 864,90 qram olan 2 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin. Qərar inzibati həbsin tətbiq edilməsi hissəsində dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-383/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-383/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver