Məhkəmə qərarları › İş №3(014)-385/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-385/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-385/2021 01.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Ağdaş rayonu Malay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş şəhəri İ.Qaradağlı küçəsi qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Ağdaş RPŞdən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 01 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 24.09.2021-ci il tarixdə saat 07:00 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində xidmətdə olan polis əməkdaşları qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat vermiş Şəxs göstərmişdir ki, 24.09.2021-ci il tarixdə saat 07:00 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində idarə etdiyi VAZ 2106 markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkədə olarkən avtomobildə nasazlıq olduğu üçün sönməsin deyə qaz əyləcini tez-tez bərk basırdı. Bu zaman polis nəfəri ona yaxınlaşaraq nə səbəb yüksək səslə qaz verdiyini soruşduqda ona avtomobilin nasaz olduğunu bildirdim. Bu zaman polis əməkdaşı ona “Səni pols şöbəsinə aparacam” dedi. Həmi polisə nə səbəbə onu polis apardığını bildirmiş və özünün polis şöbəsinə gələcəyini bildirmişdir. Elə həmin gün polis şöbəsinə gəlsə də həmin polis əməkdaşını tapa bilməmişdir. Əlavə olaraq göstərmişdir ki, polis əməkdaşlarına qarşı qanuna zidd hərəkət etməmişdir. Hesab edir ki, protokolda qeyd edilən polisin qanuni tələblərinə tabe olmadığı barədə göstərilənlər tam əsassızdır. Həmin vaxt heç bir qayda pozuntusuna yol verməmiş, polis əməkdaşlarına qarşı kobudluq etməmiş, ictimai qaydanı pozmamış və onlara müqavimət göstərməmişdir. Buna görədə barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X2 göstərmişdir ki, Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir. 24.09.2021-ci il tarixdə saat 07:00 radələrində polis nəfəri X3 ilə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində xidmətdə olarkən VAZ 2106 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtoxuliqanlıq etdiyini görmüşlər, həmin avtomobilin sürücüsünə yaxınlaşıb avtoxuliqanlıq etməməyinə dair iradını bildirmişlər. Bu zaman sürücü onlara “Sən qai əməkdaşısan? Məni niyə saxlayırsan” deyib çıxıb getdi. Sürücü Şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq tabe olmadığı üçün raportla Ağdaş RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X3 şahid X1 göstərdikləri ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetməmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Namiq Qəmbərovun 30.09.2021-ci il tarixli raportdan görünür ki, Şəxs əməlində avtoxuliqanlıq əməlləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs polis şöbəsinə getmək istəmədiyi və saxlanıldığı vaxt uzaqlaşıb getmək istəməsi İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta hadisəsi hesab edilə və bu əməl ictimai qaydanın pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş 01 oktyabr 2021-ci il tarixli inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş 01 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar