Məhkəmə qərarları › İş №3(014)-385/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-385/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-385/2022 29.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1ində Zərərçəkmiş şəxs məxsus taxta qapını qəsdən məhv zədələyərək, az miqdarda ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qənimət onun qonşusudur. Uzun müddətdir ki, aralarında narazılıq vardır. Qənimət evinin qarşısında olan sahəni zəbt edib qarşısını da taxta qapı ilə kəsmişdir. Yaşadığı həyətə gedən su da Qənimətin zəbt etdiyi sahədən keçir. Qənimət onlara öz həyətinə su açmağa imkan vermir. Ona görə də gündəlik məişət işlərində əziyyət çəkirlər. Həyətində əkdikləri tərəvəz və meyvələr də suya görə məhv olurlar. Qənimət heç bir səbəb olmadan onları həmin sahəyə buraxmır və onlara su vermir. Bu səbəbdən demək olar ki, 2 ildir ki, aralarında narazılıq davam edir. Hər dəfə həmin sahəyə keçib həyətinə su açmaq istəyəndə Qənimət onlarla mübahisə edir və onlara söyüşlər söyür. Qənimət ona və digər ailə üzvlərinə “sizin ailədə kişi yoxdur, mən bu qədər söyürəm mənə bir söz deyən yoxdur” söyləmişdir. Fiziki qüsurlu qayını vardır. Qənimət də həmişə onu döyəcəyi ilə hədələyir. xx.xx.2022-ci il tarixdə “Samirə” şadlıq sarayında toy məclisində iştirak etmişlər. Qənimət də həmin vaxt onun fiziki qüsurlu qayını olan Cəlal Xəlilovu sarayın arxa tərəfinə apararaq orada döymüşdür. Bu barədə eşidən kimi Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Həyətlərində işlətməyə suyu 7 aydır ki, qabla daşıyıb gətirirlər. Artıq hava qızmar olandan işləri çətinləşir. Ona görə də xx.xx.2022-ci il tarixdə Qənimət düzəltdiyi həmin taxta qapını açıb su açmaq üçün içəri keçmişdir. Həmin vaxt da Qənimət gələrək ona və ailə üzvlərinə çox pis söyüşlər söymüşdür. Qənimət onları döymək üçün üstlərinə gəlmiş, sonradan isə fikrini dəyişmişdir. Qənimət onları nalayiq ifadələrlə söyərək özünün döyülməyinə səbəb olmaq, sonra da şikayət etmək istəyir. Ona görə də dayanmadan onlara söyüşlər söyərək onları həmin zəbt etdiyi yerdən çıxartmış, sonra da qapını bağlamışdır. Həmin qapını açarkən orada heç bir qıfıl olmamış, qapının üstündə olan dəmir parçasıyla açılırdı. Həmin gün də taxta qapını həmin üsulla açmışdır. Heç bir qanunu pozmamışdır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, qonşuluğunda Mülkəsahib adlı şəxs yaşayır. Onun Cəlal və Vüsal adında iki oğlu vardır. Bir müddətdir ki, münasibətləri pisləşmişdir. Belə ki, onların həyətinə gedən kiçik su arxı onun həyətindən keçir. Həmin su arxı onun həyətindən əvvəl başqa qonşuların həyətindən də keçir. Lakin su onun həyətindən sonra paylaşır. Onun həyətindən sonra isə Mülkəsahib və onun qardaşının həyəti yerləşir. Həmin şəxslərə suyu onun həyətindən deyil, 10 metr irəli keçdikdən sonra öz həyətlərindən 2 qardaş paylaşmaqlarını söyləmişdir. Lakin həmin şəxslər onunla razılaşmamışlar və suyu onun həyətindən paylaşıb aparacaqlarını söyləmişlər. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. Həmin qonşular suyun paylaşılan yerini ona aid olmadığını iddia edirlər. Həmin şəxslərə topaq sahəsinin ona məxsus olduğunu və yetərincə sənədlərinin olmasını deməsinə baxmayaraq, onları başa sala bilmir. Bu barədə məhkəmədə iddia qaldırmış və hazırda bu barədə Ağdaş Rayon Məhkəməsində araşdırma aparılır. Buna baxmayaraq, Mülkəsahibin övladları tez-tez onun həyətinə keçirlər və münaqişə yaradırlar. Onları öz həyətindən çıxara bilmir. Sonuncu dəfə mübahisələri xx.xx.2022-ci il tarixdə baş vermişdir. Həmin gün təxminən saat 16:00 radələrində Mülkəsahibin oğlanları və ailə üzvləri həyətətinin giriş hissəsinə qoyduğu taxta qapının qıfılını qırıb onun həyətinə daxil olmuşlar. Gedib həmin şəxslərə niyə belə hərəkət etdiklərini deyəndə onlar onunla mübahisə etməyə başlamışlar. Həmin vaxt onları öz həyətindən çıxarmışdır. Bundan sonra qapının vəziyyətinə baxmış qapının kilidinin qırıldığını və yarasız hala salındığını görmüşdür. Bundan əlavə qapının dəmir hissəsi də təpiklə vurulub əzilmişdir. Ona görə də Azərbaycan Respeblikasının DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mülkəsahibin həyətinə gedən suyu kəsməmiş, sadəcə həmin şəxslərin ona məxsus həyətə daxil olmalarını istəməmişdir. Suyu onun həyətindən deyil, 10 metr irəlidə öz həyətlərindən bölüşdürmələrini söyləmişdir. Ona məxsus həyətdən su bir neçə yerə ayrılır. Həmin ayrılan sahələrin də Mülkəsahib və onun qohumlarının həyətidir. Lakin həmin şəxslər onunla razılaşmamışlar. Bir neçə il bundan əvvəl Mülkəsahib ondan 15 metr uzunluğunda boru almışdır. Onlara həmin borunu qaytarmağı söyləmiş, lakin həmin şəxlsər özlərindən razı tərzdə borunu qaytarmayacaqlarını söyləmişlər. Ona görə də 2022-ci ilin may ayından etibarən suyun qarşısını kəsmişdir. Mübahisə zamanı Şəxs ona məxsus taxta qapıya təxminən 45 manat dəyərində ziyan vurmuşdur. Mübahisə vaxtı Şəxs nalayiq söyüşlər söymüşdür. xx.xx.2022-ci il tarixdə “Samirə” şadlıq sarayında toy məclisində olarkən Cəlalı orada görmüşdür. Cəlal şadlıq sarayının arxa tərəfindən dayanmışdır. Bundan bir neçə gün əvvəl qızının tələbə yoldaşları gəlib onun həyətində dincələrkən Cəlal kənardan durub həmin qızlara söz atıb işarə etmişdir. Bu hərəkət də onun xoşuna gəlməmişdir. Həmin vaxt Cəlal ondan qaçıb gizlənmişdir. Cəlalı şadlıq sarayının arxa tərəfində görərkən ona yaxınlaşıb sillə ilə vurmuşdur. Cəlal da həmin vaxt qaçıb ondan uzaqlaşmışdır. Həmin vaxt orada onlardan başqa bir nəfər ofisiant keçmiş, başqa heç kim olmamışdır. Cəlalı ani bir vaxtda görmüş və vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1ində Zərərçəkmiş şəxs məxsus taxta qapını qəsdən məhv zədələyərək, az miqdarda ziyan vurmuşdur. Hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 13 iyun 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 29 iyul 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 13 iyun 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və ona zərərin bir misli miqdarında, yəni 45 (qırx beş) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar