Məhkəmə qərarları › İş №3(014)-41/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-41/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-41/2025 22.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə İXP ******* nömrəli protokol üzrə 26 sentyabr 2024-cü il tarixində EQ 23812669 nömrəli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və tədqiq edilmiş: EQ 23812669 nömrəli, 26 sentyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzobati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, yuxarıda qeyd edilən qərar İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulan qaydada Şəxs çatdırılmamışdır. 13 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən həmin protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 150.1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 138.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. 150.11-ci maddəsinə əsasən, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hazırkı iş üzrə 26 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə müvafiq olaraq qərarın Şəxs göndərilməsinə dair hər hansı bir məlumat işdə aşkar olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinin tələblərinə əsasən, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində müəyyən edilmiş cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilməzsə, həmin tarixin səhəri günündən Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi yarana bilərdi. Hazırki halda isə inzibati xəta haqqında protokol 13 yanvar 2025-ci il tarixdə tərtib olunmuşdur ki, bu da inzibati xəta hadisəsi baş vermədən şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə dəlalət edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106-cı maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 noyabr 2021-ci il tarixli qərarında İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Belə ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi isə yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqdan və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar). Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və işin məhkəmədə icraatını rədd edən halların mövcudluğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, hazırlıq mərhələsində xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-109-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar