Məhkəmə qərarları › İş №3(014)-415/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-415/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-415/2024 28.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə 13 avqust 1989-cu ildə Ağdaş rayonu, Korarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, Ağdaş rayonu, Korarx kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 avqust 2024-cü il tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsində səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, eləcə də polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 28 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün həmin tarixdə qərar qəbul edilərək aidiyyatı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis Şöbəsinin X1 polis sahə rəisi X4 bildirdi ki, Şəxs barəsində axtarış elan olunmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində 27 avqust 2024-cü il tarixdə Bakı şəhərində saxlanılaraq Ağdaş şəhərinə gətirilmiş və burada olarkən Ağdaş rayon Polis Şöbəsinin inzibati binasına keçməktən imtina edərək ucadan qışqırmış və ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmişdir. Həmin vaxt polis əməkdaşları onu sakitləşdirməyə və intizama dəvət etmələrinə baxmayaraq, Şəxs polisin qanuni tələbinə tabe olmamış, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələblərini pozmuşdur. Buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Şəxs izahat verməkdən və barəsində tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilərək, izahatında göstərdi ki, Bakı şəhərində saxlanılaraq Ağdaş rayon Polis şöbəsinə gətirilən zaman polis əməkdaşları onunla çox yaxşı davranmışlar, yemək və su ilə təmin etmişlər. Ağdaş rayon Polis Şöbəsinə çatarkən kəndə valideynlərinin yanına getmək, polis əməkdaşları tərəfindən saxlanılması barədə valideynlərinə məlumat vermək istədiyini bildirmiş, lakin polis əməkdaşları onunla razılaşmayaraq onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. O, polis əməkdaşlarının ünvanına heç bir söyüş söyməmiş, lakin əsəbi olduğundan ünvansız söyüşlər söymüş və polis əməkdaşları ilə dartışaraq şöbənin inzibati binasına keçməkdən imtina etmişdir. Şəxs daha sonra izahatında bildirdi ki, o, İİ Qarabağ Müharibəsi iştirakçısı olmuş və yaralanmışdır. Ayağında 42 qəlpə var və ayağında çürümə prosesi getdiyindən mütəmadi müalicə alır. Odur ki, qeyd olunanların nəzərə alınıb, barəsində həbslə əlaqəli olmayan inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Şəxs barəsində axtarış işi açılmış və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşı Cəsur ilə birlikdə 27 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində Şəxs yerini müəyyən edərək ona yaxınlaşmışlar və ona özlərini təqdim edərək barəsində axtarış elan olduğundan birlikdə Ağdaş şəhərinə getməli olduqlarını bildirmişlər. Əvvəl Şəxs onlarla getməyə etiraz etsə də, sonradan onlarla razılaşmış və onlara məxsus avtomobilə əyləşərək Ağdaş şəhərinə gəlmək üçün yola düşmüşlər. Ağdaş rayon Polis Şöbəsinin qarşısına çataraq avtomobildən düşərək şöbəyə getmək istəmədiyini, əvvəl atası ilə danışacağını bildirmiş, səs-küy salamağa başlamış, ünvansız küçə söyüşləri söymüş və bununla da ətrafda olan insanların diqqətini özünə çəkmişdir. Dəfələrlə ondan sakit olmasını tələb etsələr də o, polisin qanuni tələbinə tabe olmadığından ona fiziki güc tətbiq edərək gətirib Növbətçi Hissəyə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Kaman Qələndərov tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 27 avqust 2024cü il tarixli raportdan görünür ki, 15 may 2024-cü il tarixli, 22234 saylı axtarış işi üzrə axtarışda olan, Ağdaş rayonu, Korarx kəndində doğulmuş, Ağdaş rayonu, Korarx kəndində qeydiyyatda olan, 13 avqust 1989-cu il təvəllüdlü Şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 27 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində saxlanılaraq Ağdaş rayon Polis Şöbəsinə gətirilən zaman Şəxs ucadan qışqıraraq ünvansız küçə söyüşləri söyməyə başlamış və o, həmin şəxsdən sakit olmasını tələb etmiş, lakin Şəxs onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməlini davam etdirmişdir. İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 27 avqust 2024-cü il tarixdə, saat 17:20-də inzibati qaydada tutulmuşdur. Ağdaş rayon Polis Şöbəsinin 28 avqust 2024-cü il tarixli arayışından görünür ki, Şəxs barəsində 01 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Şəxs digər məhkəmə işlərinə baxış keçirilmiş və Şəxs əvvəllər dəfələrlə inzibati məsuliyyətə cəlb edilməsi müəyyən olunmuşdur. Medalların İ-7025 saylı Vəsiqənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, eyni zamanda polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını və veteran olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəlləsinin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar