Məhkəmə qərarları › İş №3(014)-416/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-416/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-416/2024 28.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Ağdaş rayonu Pirkəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fəhlə işləyən, Ağdaş rayonu, Pirkəkə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-63/2023 saylı 13 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 1 uşağın 18 yaşına çatana kimi hər ay 150 manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 63/2023 saylı 13 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 1 uşağın 18 yaşına çatana kimi hər ay 150 manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 2023-cü ilin aprel ayında icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Şəxs Rusiya Federasiyasında yaşayırdı. O, işləmədiyinə görə alimentini ödəyə bilməyib, bu günə qədər heçnə ödəməyib və imkanı olanda ödəyəcəyini bildirmişdir. Borclunun izahatı ilk dəfə xx.xx.2024-cü ildə alınmışdır. xx.xx.2024-cü ildə təkrarən izahat alınmışdır. Bundan sonra Şəxs bildiriş verilməklə icra sənədində olan tələb və alimenti vaxtı-vaxtında ödəməsi ona izah edilmişdir. Lakin Şəxs icra sənədi üzrə olan alimenti heç vaxt vaxtında və tələb olunan məbləğdə ödəməmişdir. Onun barəsində inzibati cəlb edilmə və müxtəlif tədbirlər görülməsinə baxmayaraq Şəxs tələb olunan alimenti qərəzli olaraq ödəmir. Bu səbəbdən Şəxs bugünə Zərərçəkmiş şəxs 3450 manat aliment borcu yaranmışdır. Şəxs aliment borcunu ödəməsi tələb olunsa da, borclu 3450 manat borcu üzrsüz səbəbdən ödəmir. Tələbkar Zərərçəkmiş şəxs aliment borcunun hamısını tələb edir. Şəxs isə borcu birdəfəlik ödəməkdən boyun qaçırır. Bununla bağlı dəfələrlə ona xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Şəxs hətta çağırışlara gəlmədiyinə görə barəsində məcburi gətirilmə haqqında qərar da qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tələb olunan aliment borcunun ödənilməsinə yönəldiləcək hər hansı əmlakı aşkar edilməmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, anası ilə yaşayır, 3500 manat aliment borcu var, o, günü 10 manata işləyir. Maddi imkanı zəif olduğu üçün o, alimenti tam olaraq ödəyə bilməmiş və borcu yığılmışdır. Onun heç cür borcunu ödəməyə imkanı yoxdur. Aliment borcunu heç vaxt ödəməyək, çünki arvadı başqa insanla yaşayır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs ilə birgə nikahdan bir övladı var, hal-hazırda anasıgildə qalır. 2022-ci ildən Qədir aliment vermir. Övladını axtarmır, heç bir maddi yardım göstərmir. Oğlu hazırlığa gedir və onun bunların hamısını qarşılamağa gücü çatmır. Şəxs hər dəfə pul ödəməkdən boyun qaçırır, o, həmin məbləği qərəzli olaraq pdəmir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinə 13 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx xxxxxx 1982-ci il tarixdə Ağdaş rayonu, Pirkəkə kəndində anadan olmuş, Ağdaş rayon, Pirkəkə kəndində yaşayan Şəxs 22 sentyabr 2022-ci il tarixdən başlayaraq, 22 may 2009-cu il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmuşdur. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Şəxs barəsində icra sənədi icraata götürülmüşdür. İş materiallarında olan 16 avqust 2024-cü il tarixli borclunun axtarışı haqqında qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-63/2023 saylı 13 mart 2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1982-ci il tarixdə anadan olmuş, Ağdaş rayonu Pirkəkə kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini, yalnız polis əməkdaşları tərəfindən məcburi qaydada gətirildiyini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 28 avqust 2024-cü il tarixdən saat 19:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 28 avqust 2024-cü il tarixdən saat 19:10-dan hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar