Məhkəmə qərarları › İş №3(014)-417/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-417/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-417/2024 28.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxx 1991-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada işləyən, subay, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 8/9 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağdaş rayon Məhkəməsinin 2(014)-1263/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən cəmi 2250 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməkdən imtina etmiş, beləliklə icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-1263/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli əsasən Şəxs 13 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İcra sənədi Ağdaş rayon İcra və Probasiya şöbəsinə 28 oktyabr 2020-ci il tarixdə daxil olmuş, tərəfindən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə bildiriş göndərilmişdir. Borclu Şəxs tərəfindən borc ödənilmədiyindən və çağırışlara gəlmədiyindən barəsində axtarış elan edilmiş və yeri müəyyən edildikdən sonra saxlanılaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində olarkən izahatı alınmış və hazırda aliment borcundan 600 manat ödəniş edə biləcəyini bildirmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, əvvəllər aliment borcunu vaxtı-vaxtında ödəmişdir. Bir müddət əvvəl arvadı ilə barışaraq birgə Bakı şəhərində yaşamışlar və birgə yaşadıqları müddətdə nə özü nə də arvadı barışmaları ilə əlaqədar icra şöbəsinə heç bir məlumat verməmişlər. Daha sonra yenidən ayrılmışlar və arvadı birgə yaşadıqları müddətdə yığılmış aliment borcunu tələb etmiş, o da icra şöbəsinin rəisi ilə əlaqə saxlamış və nə üçün aliment borcunu vaxtında ödəməli olduğunu bildirmədiklərini soruşmuş, ona tələbkar tərəfindən aliment borcu tələb olunmadığından və işlərinin çox olması səbəbindən alimentin ödənilməsinə dair heç bir xəbərdarlıq edilmədiyi bildirilmişdir. Onun 4000 manatadək aliment borcu yaranmış və o, həmin borcdan hissə-hissə ödəməklə 2250 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında borclu Şəxs sualları cavablandıraraq bildirdi ki, tələbkarla barışdıqda onun 150-200 manat məbləğində aliment borcu qalmışdır. Aliment borcundan 2024-cü ilin əvvəllərində 1500 manat, aprel ayında 300 manat və iyul ayının 27-də 150 manat ödəniş etmişdir. Hazırda həmin məbləğdən 900 manat ödəniş edə bilər, qalan bocu isə qısa müddətə maaş aldıqdan sonra ödəyə bilər. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Şəxs heç vaxt alimenti könüllü olaraq ödəməmiş, dəfələrlə barəsində axtarış elan edilmişdir. Hazırda 2250 manat məbləğində alimentin tam şəkildə ödənilməsini tələb edir və təklif olunan 900 manat məbləğində pulu qəbul etmir. Aliment borcu tam şəkildə ödənilmədiyi halda inzibati qaydada həbs olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Məhkəməsinin 2(014)-1263/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 13 sentyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 28 oktyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, həmin tarixdə Ağdaş rayon Məhkəməsinin 2(014)-1263/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin borclunun axtarışa verilməsi haqqında qərarın surətindən görünür ki, borclu Ağdaş şəhəri, Heydər Əliyev prospekti 8/9 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Borclu Şəxs 23 fevral 2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsində vermiş olduğu izahatında bildirmişdir ki, icra sənədi üzrə yaranmış 4350 manat borcdan az vaxtda 1500 manat ödəyəcək, qalan 2850 manat borcu və hər ay ödəməli olduğu alimenti vaxtı-vaxtında ödəyib tez zamanda qurtaracaq. Borclu Şəxs 28 avqust 2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsində vermiş olduğu izahatında bildirmişdir ki, borclu olduğu 2250 manat aliment borcunun 600 manatı hazırda, qalan borcu isə az vaxtda ödəyəcək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” “Hörnosbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002). Daha sonra həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan versə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar. (“Hornsbi Yunanıstana qarşı”, xx.xx.1997-ci il). Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun və tələbkarın nümayəndəsinin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Ağdaş rayon Məhkəməsinin 2(014)-1263/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli icra sənədinin icrasını tam təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin qənaətinə görə hazırki vəziyyətdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan cərimə tənbehinin tətbiq edilməsi ağlabatan deyil. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Şəxs məhkəmə iclası zamanı aliment borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, icra sənədi üzrə borcu tam ödəyə bilmədiyi halda Şəxs barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması nəticə etibarilə məhkəmə qərarının icrasız qalmasına səbəb ola bilər. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmə daha əsaslı hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində müəyyən müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbs müddətinin əvvəli 28 avqust 2024-cü il tarixdən, saat 18:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 28 avqust 2024-cü il tarixdən saat 18:45-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar