Məhkəmə qərarları › İş №3(014)-418/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-418/2021

15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-418/2021 15.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 21 iyun 2021-ci il tarixdə saat 04 radələrində Ağdaş rayon sakini Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu, Mürsəl kəndində yerləşən evdə olan ümumi dəyəri 640 manat olan əmlakı qəsdən zədələməklə sonuncuya 640 manat, yəni az miqdarda ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Buna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və o, Zərərçəkmiş şəxs qonşusu olduğunu, Xənimənin Ağdaş şəhərində yaşadığını, ona görə də təxminən 3 ilə yaxındır ki, onun Ağdaş rayonu, Mürsəl kəndində yerləşən evinin boş olduğunu və həmin evdə yaşayış olmadığını, təxminən 3 aya yaxındır ki, həyat yoldaşından ayrıldığını, təxminən bir aydan çox olar ki, atasının dayısı Bədrəddənin onunla Ramiz adlı şəxsi tanış etdiyini və valideynlərinə Ramizin də boşanmış olduğunu və onunla Ramizin ailə həyatı qurmaqlarının yaxşı olmasını söylədiyini, həmin vaxtdan sonra o, bir neçə dəfə Ramizlə görüşdüklərini, üç dəfə Ramiz ilə gecə saatlarında qonşuları Xənimənin yaşadığı kənddə yerləşən yaşayış olmayan evində görüşdüklərini, sonuncu dəfə Ramiz ilə Xənimənin evində 21 iyun 2021-ci il tarixdə gecə saat təxminən 01 radələrində görüşdüklərini, həmin vaxt Ramizə onunla artıq görüşmək istəmədiyini, evdəkilərdən qorxduğunu söylədiyini, lakin Ramizin onunla görüşməyə davam edəcəyini söylədiyini və onunla evlənəcəyini dediyini, buna görə də aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə onun özünü pis hiss etdiyini və təcili yardım çağırdığını, təcili yardım gəlib getdikdən sonra Ramizin ona onunla görüşməyini heç kimə söyləməməyini, daha sonra saat təxminən 04 radələrində oradan çıxıb getdiyini, o, Xənimənin evindən gedərkən Ramizin evdə siqaret çəkdiyini, əsəbi olduğundan evi özünün yandırdığını, hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmədiyini bildirdi. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında üç ilə yaxındır ki, Ağdaş şəhərində yaşadığını, buna görə də onun Ağdaş rayonu, Mürsəl kəndində yerləşən evinin boş olduğunu və onun evində yaşayış olmadığını, 21.06.2021-ci il tarixdə səhər saat təxminən 05 radələrində Ağdaş rayonu, Mürsəl kəndində qonşusu Məmmədov Rəşadın ona zəng etdiyini və evinin yanmasını, həmçinin yanğınsöndürmə idarəsinə zəng etdiyini söylədiyini, onun da dərhal Ağdaş rayonu, Mürsəl kəndində yerləşən evinə gəldiyini və evdə olan bir neçə əşyasının yanmasını gördüyünü, 21.06.2021-ci il tarixdə ona məxsus Ağdaş rayonu Mürsəl kəndində yerləşən evdə baş vermiş yanğın zamanı evin özünə ziyan dəymədiyini, lakin evdə olan əşyaların yandığını, həmçinin evinin təmirinin pozulduğunu, evin divarlarının qara hiss olduğunu, yanğın baş verən otağın döşəməsinin yanğın söndürülən zaman su tökülməsi nəticəsində yararsız hala düşdüyünü, həmçinin yanğın nəticəsində hər birinin uzunluğu və eni 3 metr olan dəhlizin və mətbəxin tavanındakı lambrinlərin də yararsız hala düşdüyünü, buna görə də evinin təmiri ilə və yanmış əşyalar ilə birlikdə ona təxminən 2000 manat maddi ziyan dəydiyini, sonradan qonşusu Şəxs 21.06.2021-ci il tarixdə gecə saat təxminən 01 radələrində onun evində Ramiz adlı şəxslə görüşməsini öyrəndiyini, onun evinin həmin günü, yəni 21.06.2021-ci il tarixdə səhər saatlarında yandığını, ona görə də ona məxsus Ağdaş rayonu, Mürsəl kəndində yerləşən evinin qəsdən yandırılmasını fikriləşmədiyini, ancaq evinin yanmasında Şəxs təqsirli bildiyinə görə ona dəymiş ziyanı da ondan tələb etdiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağdaş rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X1 26 sentyabr 2021-ci il tarixli qərarı ilə Ağdaş rayonu Mürsəl kəndində qeydiyyatda olan, Ağdaş şəhəri Zeynəddin küçəsində yaşayan Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibinin olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Ağdaş rayonu Mürsəl kəndində qeydiyyatda olan, Ağdaş şəhəri Zeynəddin küçəsində yaşayan Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu Mürsəl kəndində yerləşən evi qəsdən yandırmaqla ona 640 manat maddi ziyan vurmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon RPŞ-nin İTB-nə göndərilmiş və həmin qərar əsasında Ağdaş RPŞ-nin sahə rəisi, polis baş leytenantı Afiq Abuşovun 27 sentyabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, lakin müəyyən səbəblərdən Şəxs Ağdaş RPŞ-nə gəlməsinin mümkün olmaması və müddətin tamam olması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, 15 oktyabr 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraat təzələnərək Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Ağdaş rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X1 26 sentyabr 2021-ci il tarixli qərarından şikayət etməmişdir. İş materiallarına əlavə edilmiş AR Məhkəmə Ekspertiza Mərkəzinin 13.09.2021-ci il tarixli qərarından 9/5591 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş məlumat əsasən 7 adda malların (6 adda) malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq 2021-ci ilin iyun ayına təxminən 640,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə cəzası tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1999-cu ildə Ağdaş rayonu, Mürsəl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, Ağdaş rayonu, Mürsəl kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib altı yüz qırx manat cərimə edilsin. Qərarın İcra edilməsi Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar