Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-42/2022 07.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, MN1119204 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə 1.000 manat məbləğində cərimə edilməsi barədə 04 oktyabr 2021-ci il tarixli, MN1119204 saylı inzibati qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 3(014)-423/2021 nömrəli qərarı ilə X1 şikayəti təmin edilmiş, X1 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə 1.000 manat cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 4 oktyabr 2021-ci il tarixli, MN1119204 saylı inzibati qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmış, Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 3(014)-423/2021 nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi şikayət vermiş, Şəki Apellyasiya Məhkəməsinin 23.12.2021-ci il tarixli 3(107)-400/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 3(014)-423/2021 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. X2 məhkəmə iclasında şikayətini müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, İİ qrup müharibə əlilidir, 07 sentyabr 2021-ci il tarixdə veteran dostları onlara qonaq gəlmiş, onlarla birlikdə Ağdaş rayonu, Tofiqi kənd ərazisində yerləşən meşə sahəsində evdən gətirdiyi yeməkləri yeyən zaman əvvəllər tanıdığı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X3 onlara yaxınlaşmış, onlarla birlikdə yemək yeyib, çay içdikdən sonra çıxıb getmişdir. Bir neçə gündən sonra onu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət etmişlər. Orada ona Ağdaş rayonu, Tofiqi kənd ərazisində yerləşən meşə sahəsində qanunsuz quş ovladığı zaman Ekologiya idarəsinin əməkdaşı Əfqan Paşayevin onu gördüyünü və bu barədə akt və protokol tərtib etdiyini, lakin müharibə əlili olduğu üçün ona kömək etmək istədiklərini, etirafedici ərizə yazacağı təqdirdə kömək edəcəklərini bildirmiş, lakin vədlərinə əməl etməmişlər. Həmin meşə ərazisində ov etməmiş, Əfqan Paşayevlə bir süfrədə oturub yemək yemişlər. Bundan sonra Əfqan Paşayev saxta aktlar hazırlayaraq guya onun meşə ərazisində qanunsuz ov etdiyini bildirmişdir. Həmin akt əsasında onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi MN1119204 saylı 04 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək onu 1.000 manat məbləğində cərimə etmişdir. Hesab edir ki, qərar qəbul edilərkən qanunun normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilərkən İXM-nin 8.2ci, 8.3-cü, 114.1-ci, 129.1.3-cü və 135-ci maddələrinin tələbinə də riayət edilməmişdir. Hesab edir ki, hadisə ilə bağlı lazımi qaydada araşdırma aparılmamış, qanunsuz olaraq barəsində inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, Ağdaş rayonu, Tofiqi kənd ərazisində yerləşən meşədə ümumiyyətlə ov etməmişdir. Buna görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, MN1119204 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş üzrə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, MN1119204 saylı qərarı üzrə İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi barədə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinin tələbi pozulmuş, yəni inzibati xətanın törədildiyi vaxt göstərilməmiş, X1 izahatı 07.09.2021-ci il tarixdə alındığı halda inzibati xəta haqqında protokol 10 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş, X2 inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmədiyi halda protokolda onun imza etməkdən imtina etməsi barədə qeyd aparılmışdır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İş matetriallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, MN1119204 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta törətdiyindən 1.000 manat inzibati qaydada cərimə edilmişdir. Ov qaydalarının kobud şəkildə (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmaqla X1 İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0.6-cı maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunan faktlara əsaslanaraq hesab edirəm ki, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2021-ci il tarixli, MN1119204 saylı inzibati qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə 1.000 (bir min) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2021-ci il tarixli, MN1119204 saylı inzibati qərar ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №3(014)-42/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-42/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver