Məhkəmə qərarları › İş №3(014)-42/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-42/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-42/2024 16.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 27 avqust 2003-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi sürücüsü işləyən, Ağdaş rayonu, Türyançay qəsəbəsində qeydiyyatda olan, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 15 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində ucadan qışqırıb səs-küy salaraq və ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, həmin vaxt ona yaxınlaşan YPX-nın əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında bildirdi ki, Şəxs 15 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində ucadan qışqırıb səs-küy salaraq və ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş, həmin vaxt ona yaxınlaşan YPX-nın əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Ağdaş rayonu, Dəhnəxəlil kəndində ailəsi birlikdə yaşayır. 15 yanvar 2024cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektdə idarə etdiyi avtomobillə hərəkətdə olarkən YPX-nın əməkdaşları onu saxlamışlar. O, öz maşınından düşüb YPX-nın əməkdaşlarına yaxınlaşdıqda, polis əməkdaşları ondan kəmər taxmamasının səbəbini soruşmuşlar, o, aqresiv cavab verdikdə polis əməkdaşları ondan sakit olmasını tələb etmişlər, o, daha da əsəbləşərək ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin ərazidə 30-40 nəfər adam olmuş və onları tanımamışdır. Polis əməkdaçları ondan sakitləşməsini istədikdə o, polisin qanuni tələbinə əməl etməmişdir. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək, məhkəmədən bağışlanmasını xahiş edir. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 15 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində DYP-nın YPX-nın inspektoru, polis baş serjantı Elnur Mehtiyev və DYP-nın YPX-nın inspektoru, polis baş serjantı Əjdər Namətovla birlikdə xidmətdə olarkən 77XK171 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü təhlükəsizlik kəmərindən istifadə etmədiyini görüb, onu saxlamışlar. Onlar sürücüyə yaxınlaşıb özlərini təqdim edərək təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün sənədlərini təqdim etməsini tələb etmişlər. Həmin şəxs onlarla aqressiv şəkildə danışmağa başlamışdır. Onlar sürücüdən sakit olmasını istəmişlər. Lakin sürücü Şəxs daha da əsəbləşərək ictimai yerdə ucadan qışqırıb səs-küy salmağa, ünvansız küçə söyüşləri istifadə etməyə başlamışdır. Onlar bir daha ondan sakit olmağını tələb etsələr də, sürücü onların qanuni tələblərinə qəsdən tabe olmamağa davam etmişdir. Həmin vaxt onlar sürücünün hərəkətlərindən şübhələndikləri üçün sürücüdən narkotik vasitədən istifadə edib nəqliyyat vasitəni idarə edib-etməməsini soruşduqda, sonuncu inkar etmişdir. Bundan sonra onlar sürücüdən birlikdə Mingəçevir şəhəri Narkoloji Dispanserə getməsini xahiş etmişlər, həmin şəxs ünvansız nalayiq ifadələrdən istifadə edərək onlara müqavimət göstərməyə davam etmişdir. X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 15 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində DYP-nın YPX-nın inspektoru, polis baş serjantı Elnur Mehtiyev və DYP-nın YPX-nın inspektoru, polis baş serjantı Amil Hüseynovla birlikdə xidmətdə olarkən 77XK171 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü təhlükəsizlik kəmərindən istifadə etmədiyini görüb, onu saxlamışlar. Onlar sürücüyə yaxınlaşıb özlərini təqdim edərək təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün sənədlərini təqdim etməsini tələb etmişlər. Həmin şəxs onlarla aqressiv şəkildə danışmağa başlamışdır. Onlar sürücüdən sakit olmasını istəmişlər. Lakin sürücü Şəxs daha da əsəbləşərək ictimai yerdə ucadan qışqırıb səs-küy salmağa, ünvansız küçə söyüşləri istifadə etməyə başlamışdır. Onlar bir daha ondan sakit olmağını tələb etsələr də, sürücü onların qanuni tələblərinə qəsdən tabe olmamağa davam etmişdir. Həmin vaxt onlar sürücünün hərəkətlərindən şübhələndikləri üçün sürücüdən narkotik vasitədən istifadə edib nəqliyyat vasitəni idarə edib-etməməsini soruşduqda, sonuncu inkar etmişdir. Bundan sonra onlar sürücüdən birlikdə Mingəçevir şəhəri Narkoloji Dispanserə getməsini xahiş etmişlər, həmin şəxs ünvansız nalayiq ifadələrdən istifadə edərək onlara müqavimət göstərməyə davam etmişdir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs barəsində 16 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxskartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 yanvar 2024-cü il saat 20:05-də inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar