Məhkəmə qərarları › İş №3(014)-425/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-425/2025

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-425/2025 30.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin nümayəndəsi və Vəkili X3 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin X15 şöbəsi tərəfindən qəbul edilmiş 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan X11 tərəfindən verilmiş şikayətə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin X15 şöbəsi (bundan sonra DƏMX-in X15 şöbəsi) tərəfindən qəbul edilmiş 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağdaş Dövlət X10 (bundan sonra ADAİM) direktoru X11 “işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixdə X5 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi” ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmiş, cərimə şərti tətbiq edilməklə 30 gün müddətində hüquqpozma aradan qaldırılmadıqda cərimənin ödənilməsi müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan ADAİM-in direktoru X11 məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş, Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2025-cü il tarixli, 3(014)-425/2025 saylı qərarına əsasən X11 tərəfindən verilmiş şikayət təmin olunmuş, DƏMX-in X15 Şöbəsinin 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan DƏMX-in Hüquq İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 3(107)- 365/2025 saylı Qərarına əsasən şikayət qismən təmin edilməklə, Ağdaş Rayon Məhkəməsinin 29 avqust 2025-cü il tarixli, 3(014)-425/2025 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar iş üzrə yenidən araşdırılaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, DƏMX-in X15 şöbəsi tərəfindən qəbul edilmiş 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, DƏMX-in X15 şöbəsi tərəfindən qəbul edilmiş 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, X6 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın tərtib olunmasına səbəb işəgötürən kimi onun tərəfindən 26 may 2025-ci il tarixdə X5 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi olmuşdur. Şikayətçi hesab edir ki, göstərdiyi əsaslara görə qərar ləğv edilməlidir. Belə ki, X7 ilə Ağdaş X16 Mərkəzi arasında 26 avqust 2019-cu il tarixdə müddətli, yəni 26 may 2025-ci il tarixədək əmək müqaviləsi bağlanaraq müsabiqə və müsahibə yolu ilə o, Mərkəzdə vakant məsləhətçi vəzifəsinə işə qəbul edilmiş və 26 may 2025-ci il tarixdə müddətli əmək müqaviləsinin müddəti başa çatdığından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmiş və o, işdən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində göstərilir ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 47-ci maddəsinin “f’ bəndinin tələbinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. X7 ilə Ağdaş X16 Mərkəzi arasında bağlanmış müddətli əmək müqaviləsindən aydın şəkildə görünür ki, müqavilə tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqavilənin qurtarma vaxtı göstərilməklə bağlanmış və iddiaçı bununla razılaşmışdır. Müqavilənin 2.1-ci bəndində işçinin müddətli işçi olduğu, 2.3-cü bəndində isə dövlət qulluğu vəzifəsinin tələblərinə uyğun olaraq işə xitam verilməsi prosedurları aydın şəkildə göstərilmişdir. X7 onunla Ağdaş X16 Mərkəzi arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti qurtardığından sonrakı dövr üçün onunla müqavilə bağlanmayacağı barədə qanunvericiliyin tələbinə uyğun olaraq bir həftə qabaqcadan e-mail vasitəsi ilə xəbərdar edildiyindən və müqavilənin qurtarmasına qalan müddətdə buna münasibət bildirmədiyindən o, yaxşı bilirdi ki, müddətli əmək müqaviləsinin müddəti 26 may 2025-ci il tarixdə qurtarır və həmin gün müddətli əmək müqaviləsinə xitam verilməklə işdən azad olunacaqdır. İşin faktiki hallarından göründüyü X7 onunla Ağdaş X16 Mərkəzi arasında hər iki tərəflə razılaşdırılaraq bağlanmış müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə qanuni əsaslarla onunla Mərkəz arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmiş və o, işdən azad olunmuşdur. Lakin bütün bunlara baxmayaraq qərarından şikayət etdiyi orqan qərar qəbul edərkən çox səthi araşdırma aparmış, yalnız əməkdaşlarının tərtib etdikləri protokola əsaslanmış, bütün yuxarıda göstərdiyi işin faktiki hallarını nəzərə almamışdır. Əgər qərar qəbul etmiş inzibati orqan bütün bu faktiki halları nəzərə almış olsa idi, inzibati xətanın baş vermədiyini, əməlində inzibati xətanın tərkibinin olmamasını müəyyən edərdi. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş vəzifəli şəxs tərəfindən qərarını onun işçini işdən azad edilməsi barədə əmrin Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyinə görə barəsində əməkdaşları tərəfindən tərtib olunmuş 14 iyul 2025-ci il tarixli, ММ ******* saylı protokola əsaslanmış, qərar qəbul edərkən yuxarıda göstərdiyi işin faktiki hallarını və əsasları nəzərə almamış, nəticədə qanunsuz olaraq qəbul etdiyi qərarı ilə heç bir inzibati xəta törətmədiyi halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1500 manat məbləğində şərti olaraq cərimə olunmuşdur. Məhkəmə iclasında ADAİM-in direktoru X6 nümayəndəsi və vəkili Vəkil izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağdaş X16 Mərkəzi ilə X7 arasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, sonradan işəgötürən birtərəfli qaydada əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə müddətin bitməsi əsası ilə xitam vermişdir. Bütün müəssisə və təşkilatlarda, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağdaş X16 Mərkəzində də işçilər müddətli əmək müqaviləsi ilə götürülürlər. Bundan başqa, işçinin əmək müqaviləsi ilə tutduğu vakant dövlət qulluğu vəzifəsi Azərbaycan Respublikasının Dövlət qulluğu haqqında qanunvericiliyinin tələblərinə uyğun olaraq müsabiqə və ya müsahibə yolu ilə tutulduqda heç bir qeyd-şərt olmadan bu müqaviləyə xitam verilir. X7 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X18 X4 sektorunda məsləhətçi olaraq inzibati vəzifədə çalışmış və dövlət qulluqçusu olmamışdır. Bu səbəbdən o, həmin vəzifədə 5 ildən artıq müddətli əmək müqaviləsi ilə işləsə belə həmin vəzifənin tutulması “Dövlət qulluğu haqqında” qanunla tənzimləndiyindən Kənan Süleymanovun əmək müqaviləsi müddətsiz hesab edilə bilməzdi və onun müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi qanuni olmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınıb Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağdaş Dövlət X10 direktoru X6 barəsində Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi Yanında X9 Xidmətinin X15 Şöbəsi rəisinin 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər proses iştirakçılarına lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Əmək müqavilənin surətindən görünür ki, Əmək Məcəlləsinə əsasən ADAİM-in direktoru X11 ilə X7 arasında 26 avqust 2019-cu il tarixdə 03 (üç) ay müddətinə, hər ay 510 manat məbləğində əmək haqqı ödənilməklə Ağdaş rayon Aqrar X4 sektorunun məsləhətçisi vəzifəsinə təyin edilməsinə dair əmək müqaviləsi bağlanmışdır. - ADAİM-in direktorunun 26 avqust 2019-cu il tarixli 49 saylı əmrinin surətindən görünür ki, X1 rayon Aqrar X4 sektoruna məsləhətçi vəzifəsinə təyin edilmişdir. - ADAİM-in direktorunun 26 may 2025-ci il tarixli 3-22-3-3/3-1-31/2025 saylı əmrinin surətindən görünür ki, Ağdaş rayon Aqrar X4 sektorunun məsləhətçisi X5 əmək müqaviləsinə 26 may 2025-ci il tarixdən Əmək Məcəlləsinin 68.2.b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin X15 şöbəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağdaş Dövlət X10 direktoru Fərhad Əliyevə ünvanlanmış 22 iyul 2025-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş X5 Ağdaş X16 Mərkəzində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə etdiyi müraciətinə Xidmətin X15 şöbəsində baxılmışdır. X7 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən 26 may 2025-ci il tarixli, 3-22-3- 3/3-1-31/2025 nömrəli əmrlə 26 may 2025 ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə (Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) əsasən K.Süleymanovun müqaviləsi müddətsiz hesab edilir. K.Süleymanovun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Bununla da Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbləri pozulmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2025-cı ii tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq 2K1TZWY000200 nömrəli əmək müqaviləsinə 30 (otuz gün ərzində X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 26 may 2025 ci il tarixli, 3-22-3-3/3-1-31/2025 nömrəli əmri ləğv edərək, ƏMAS-da xitam əmrinin ləğv edilməsi barədə tədbirlərin görülməsi, törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X9 Xidmətinin X15 şöbəsinə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanmasına səbəb olur. 116.1-ci maddəsinə əsasən inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533- 1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi, şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, Süleymаnоv Kənаn Mаlik оğlu 26 avqust 2019-cu il tarixdə müddətli müqаvilə ilə X18 X4 sektorunun məsləhətçisi vəzifəsinə işə qəbul edilməklə həmin vəzifədə 5 ildən artıq müddət ərzində fasiləsiz olaraq işlədiyindən K.Süleymanovla bаğlаnmış əmək müqaviləsi müddətsiz hesab edilməklə, həmin müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə yəni, “əmək müqaviləsinin müddətinin qurtarması” əsası ilə xitam verilməsi qanunsuz olmaqla işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə nəticələnmişdir. Bununla da işçinin şikayəti əsasında işəgötürən- ADAİM-in direktoru X2 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində səlahiyyətli orqan- DƏMX-in X15 şöbəsi tərəfindən 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və 1500 manat məbləğində cərimə şərti tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən pozuntulara yol verilmədiyindən ADAİM-in direktoru X6 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin X15 şöbəsi tərəfindən qəbul edilmiş 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin X15 şöbəsi tərəfindən qəbul edilmiş 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar