Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-428/2025 20.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq məhkəmə Müəyyən etdi: Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsinin) 529.3-cü maddəsi ilə İXP ******* saylı, 07 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə materialları araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, materiallara yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsi ilə bağlı Şəxs barəsində tərtib edilmiş protokol və 3 ay müddətində icra edilməmiş inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmiş, ümumiyyətlə inzibati tənbeh vermə haqqında qərar barədə Şəxs məlumatlandırıldığını, həmçinin qərarın qanuni qüvvəyə minmə vaxtını, eləcə də həmin vaxtdan 3 ay müddət keçməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin: 57-1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə bu Məcəllənin 57- 1.4-cü maddəsi nəzərə alınmaqla aşağıdakı qaydada məlumatlandırılır: 57-1.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir; 57-1.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir; 57-1.1.3. səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 106.0.3, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən hallar mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmaması məsələlərini həll etməlidir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsi ilə bağlı Şəxs barəsində tərtib edilmiş protokol və 3 ay müddətində icra edilməmiş inzibati tənbeh vermə haqqında qərar materiala əlavə edilmədiyindən, eləcə də inzibati tənbeh vermə haqqında qərar barədə Şəxs məlumatlandırıldığını, həmçinin qərarın qanuni qüvvəyə minmə vaxtını, eləcə də həmin vaxtdan 3 ay müddət keçməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilmədiyindən, yəni Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddərini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Yevlax Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilmir. Hakim Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №3(014)-428/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-428/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver