Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-43/2024 05.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 27 avqust 2003-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hazırda heç yerdə işləməyən, Ağdaş rayonunun Dəhnəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 15 yanvar 2024-cü il tarixdə Ağdaş şəhəri Heydər Əliyev prospekti ilə “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitə olan marixuanadan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilmir. O, yanvar ayının 5-dən 15-dək qrip xəstəliyinə yoluxmuş və yataqda yatmışdır. Həmin ərəfədə ona venadaxili müxtəlif preparatlar köçürülmüşdür. 15 yanvar 2024-cü il tarixdə “TOYOTA PRİUS (HİBRİD)” minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən, polis əməkdaşları təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə onu saxlamışlar və ondan şübhələndiklərini bildirərək müayinədən keçirilməsi üçün Mingəçevirə getməyi təklif etmişlər, o, da razılaşaraq polis əməkdaşları və atası ilə birlikdə Mingəçevirə getmişdir. Müayinə olunarkən onun sidiyində marixuana aşkar edilmişdir. Lakin o, həmin rəylə razılaşmamışdır. Belə ki, o, 15 yanvar 2024-cü il tarixdə və ümumiyyətlə narkotik vasitə istifadə etməmişdir. Rəydə və inzibati xəta haqqında protokolda onda marixuana aşkar olunduğunu ona zorla yazdırmışlar. Sidik analizi verilmiş və test onun yanında keçirilməmişdir. Onun barəsində rəy verən şəxs həkim yox, feldşer olmuşdur. Bundan sonra, o, 19 yanvar 2024-cü il tarixdə Referans Xəstəxanasında, 30 yanvar 2024-cü il tarixdə isə Gəncə şəhər Narkoloji Dispanserində müayinələrdən keçmiş və onda THC aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Narkoloji Dispanserinin feldşer-narkoloqu X3 bildirdi ki, Naili narkoloji testdən özü keçirmişdir. Həkim ştatı çatmadığı üçün müvafiq əmrə əsasən onun polis şöbələrindən göndərilən vətəndaşların narkotik vasitələrdən istifadə edib-etməmələri barədə rəy vermək səlahiyyəti var. Testlər vətəndaşın yanında açılaraq, vətəndaşın yanında yoxlanılır. Testin üzərində 1 xətt mövcud olduqda testin nəticəsi pozitiv, 2 xətt mövcud olduqda testin nəticəsi neqativ olur. Onun tərəfindən şəxsin 15 yanvar 2024-cü il tarixdə narkotik vasitələrin təsiri altında sərxoş olub-olmamasına dair rəy verilməmiş, əgər rəyə diqqət yetirsəniz o, “narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq” qrafasının qarşısında boş xətt qoymuşdur. X1 şəxsin ümumiyyətlə narkotik vasitələrdən istifadə edib-etməməsinə dair müayinə aktı verilir, şəxsin narkotik sərxoşluğu barədə rəy isə Respublika Narkoloji dispanserində verilir. O, sadəcə şəxsin hər-hansı narkotik vasitələr, psixotrop maddələr və digər güclü təsir edən maddələrdən istifadə edib-etməməsi barədə rəy vermiş və həmin şəxsin marixuanadan istifadə etməsi məlum olmuşdur. Marixuana istifadə etdikdən 24 saat sonra sidikdə aşkar oluna bilər. Marixuana bədəndə ən uzun qalan narkotik vasitədir. İstifadə etdiyi gündən 30 gün müddətə bədəndə aşkar oluna bilər. Vətəndaş tərəfindən təqdim olunan digər rəylərlə öz rəyi arasında olan ziddiyyətin səbəbini bilmir. İş materiallarında olan Mingəçevir şəhər Narkoloji Dispanserinin 15 yanvar 2024-cü il tarixli, 88 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyində narkotik vasitə olan THC marixuana aşkar olunmuşdur. İş materiallarında olan X2 mərkəzinin 19 yanvar 2024-cü il tarixli müayinəsi aktından görünür ki, Şəxs sidiyində PCP, TCA, THC, TML, MDT, MOP, MDMA, BZD, COC, BAR, AMP, MET aşkar olunmamışdır. İş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin 30 yanvar 2024-cü il tarixli, 318/2024 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində OPT, AMP, THC aşkar olunmamışdır. Beləliklə, məhkəmə proses iştirakçısının izahatını dinləyib, habelə işin materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeydinə əsasən xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə iclasında müəyyən olundu ki, Həsənov X4 şəhər Narkoloji Dispanserinin 15 yanvar 2024-cü il tarixli aktı ilə razılaşmayaraq, həmin müayinə keçirildiyi gündən 15 gün ərzində, yəni 19 yanvar 2024-cü il tarixdə X2 Mərkəzində və 30 yanvar 2024-cü il tarixdə Gəncə şəhər Narkoloji Dispanserində müayinələrdən keçmiş və hər ikisində onda THC aşkar olunmamışdır. Həmçinin, məhkəmə iclasında izahat verən Mingəçevir şəhər Narkoloji Dispanserinin feldşer-narkoloqu X3 da izahatında tərtib etdiyi aktda Şəxs sərxoş olub-olmamasını göstərmədiyini, onun sidiyində marixuana aşkar edilməsi barədə rəy verdiyini bildirmişdir və məhkəmə həmin rəyi tədqiq edərkən həqiqətən də “narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq” qrafasının qarşısında, aktı tərtib etmiş şəxsin dediyi kimi, boş xətt qoyulduğunu müəyyən etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin Qeydinə əsasən xüsusi texniki vasitə narkotik vasitələrin qəbulunu göstərsə də məhkəmə iclasında izahat verən şahid feldşernarkoloqun sərxoşluq barədə akt tərtib etməməsi barədə izahatı, 15 yanvar 2024-cü il tarixli aktda “narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq” qrafasının qarşısınında boş xətt qoyulması, eyni zamanda 15 gün ərzində alınan üç fərqli rəyin olması Şəxs təqsirli omasına dair şübhələr yaradır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-43/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-43/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver