Məhkəmə qərarları › İş №3(014)-431/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-431/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-431/2023 13.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2001-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Ağdaş şəhəri Avtobaza adlanan yerdə qohumu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 10 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun uzaqdan qohumudur. Əvvəllər aralarında ciddi bir narazılıq və problem olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində yaşadığı evdə oturub “tik-tok” sosial şəbəkəsində xalası oğlu Sadiqin canlı yayımına daxil olmuş, Sadiqin toyda olmasını və Səyyafın da yanında oturmasını görmüş, həmin vaxt Sadiq Səyyafa “Rəvan da gəldi canlı yayıma” deyə bildirdiyində Səyyaf da hansı Rəvan, Şahinin bacısı oğlu? deyə soruşmuş, o, da həmin vaxt canlı yayımda “mən Şahin adlı adam tanımıram” demişdir. Səyyaf da “niyə tanımırsan, əlinizi çörəyə çatdırıb, sizə maşın alıb verib, sizə iş tapıb, indi niyə tanımayası oldun” demişdir. O, da bundan sonra Səyyafın telefon nömrəsinə zəng edərək sən niyə kiminsə işinə qoşulursan, sən get öz problemlərinlə məşğul ol demişdir. Bundan sonra danışığı kəsib yenidən xalası oğlunun canlı yayımına qoşulmuş, həmin vaxt Səyyafın onun barəsində nalayiq ifadələr işlətməsini görmüş, əsəbləşib və yenidən ona zəng edərək onu söymüşdür. Səyyaf da ona dur gəl avtobazaya söhbət edək demiş, həmin vaxt qardaşı Füqan da evdə idi. Qardaşına bu barədə demiş və birlikdə Ağdaş şəhərində yerləşən “Avtobaza” deyilən yerə getmişlər. Səyyafa yaxınlaşdıqda Səyyaf ona əl atmış, həmin vaxt qardaşı Füqan da müdaxilə etmiş və onların arasında dava-dalaş baş vermişdir. Əvvəlcə ayrımaq iştəmiş, sonra Səyyafın dəmir parçası (mantirovka) götürməyə getdiyini görmüş, əvvəl buna imkan verməmiş, aralarında dava-dalaş baş vermiş, bundan sonra Səyyaf ikinci dəfə gedib dəmir parçasını (mantirovka) əlinə götürüb gəlmiş, lakin vura bilməmiş, həmin vaxt orada olan şəxslər dəmir parçasını (mantirovka) onun əlindən alıb tullamışlar və onları aralamışlar. Hazırda Səyyafla barışmışdır. Buna görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Rəvan və Füqan adlı şəxslər onun qohumlarıdır. Həmin şəxslərin dayısı Şahinin onun əmisi oğludur. Rəvan və Füqanın dayıları Şahinlə uzun müddətdir ki, münasibətləri yoxdur. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində başqa bir sürücü yoldaşı Sadiq ilə “Ağ Saray” şadlıq sarayında toy məclisində idi. Həmin vaxt Sadiq telefonda canlı olaraq görüntülü xalası oğlu Rəvanla söhbət edirdi. Sadiqlə birlikdə oturduqları vaxt Sadiq və Rəvanın dayıları Şahin barədə söhbət etdiklərini eşitdi və həmin vaxt Sadiqə nə üçün Şahin barədə danışdıqlarını bildirmiş, Şahinin onlara pul qazandıran vaxtı yaxşı dayı olmasını, indi niyə Şahin barəsində pis danışmalarını söyləmişdir. Sadiq həmin vaxt ona dediklərini Rəvanın da eşitdiyini söyləmişdir. Sadiqə “qoy eşitsin, Şahin ona da az əziyyət çəkməyib, ona da çox pul qazandırıb” söyləmiş, bundan sonra Rəvan onun mobil nömrəsinə zəng etmiş, Rəvanın zəngini açanda Rəvan ona gedib öz problemlərini həll etməsini söyləmişdir. Rəvanın danışıq tərzi ona xoş gəlməmişdir. Rəvandan onun nə problemi olmasını soruşmuş, Rəvan da ona nalayiq ifadə işlətmişdir. Rəvana eyni tərzdə cavab vermiş, telefon danışığı zamanı aralarında bu cür söz mübahisəsi yaranmışdır. Rəvandan harada olmasını soruşmuş, Rəvan da ona evdə olduğunu demişdir. Rəvana avtomobilinin “avtobaza”nın qarşısında olduğunu, ora gedəcəyini, söhbət etmək üçün ora gəlməsini söyləmiş, bundan sonra şadlıq sarayından çıxıb yük avtomobilini saxladığı yerə getmişdir. Yük avtomobilini işə salıb kabinədə oturub hava yığmasını gözləmiş, toya getməmişdən əvvəl avtomobilini Məmməd adlı qaynaqçının yanında təmir üçün qoyub getmişdir. Kabinədə oturub gözləyən zaman Füqan və Rəvan qardaşlarının gəlməsini görmüş, elə maşından düşüb söhbət etmək istəyəndə Füqan yaxınlaşıb “sən niyə bizə söyürsən” deyib yumruqla onun alın nahiyəsindən vurmuş, sonra qardaşı Rəvan arxadan gəlib əli ilə kürəyindən və qolundan vurmuşdur. Həmin vaxt yerə yıxılmış və xəsarət almışdır. Sonra özünə məxsus dəmir aləti (manorivka) yerdən götürüb özünü müdafiə etmək istəyəndə Füqan həmin dəmir aləti götürüb onun sağ qolundan vurmuş, sonra orada olan Elmir adlı şəxs gəlib həmin aləti Füqanın əlindən almışdır. Orada olan usta Məmməd və sürücü Bəhlul tez onları ondan aralaşdırıb aparmışlar. Özü də sonradan gedib üzünü yuyub DİNin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, bildikləri və gördüklərinin bunlardan ibarət olduğunu bildirmişdir. Hazırda Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Ağdaş şəhəri Avtobazar adlanan yerdə qohumu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək, sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Hadisə araşdırılaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar