Məhkəmə qərarları › İş №3(014)-44/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-44/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-44/2024 25.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, hazırda heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 04 yanvar 2024-cü il tarixdə saat təxminən 16 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində çay evinin qarşısında dayanan oğlu X3 öz avtomobilinə əyləşdirərək avtomobil yuma məntəqəsində işləməsini irad tutub sifət nahiyəsindən bir yumruq zərbəsi vuraraq, sonuncuya üzün sol almacıq nahiyəsinin qançırı xəsarətini, yəni sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X4 bildirdi ki, Şəxs 04 yanvar 2024-cü il tarixdə saat təxminən 16 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində çay evinin qarşısında dayanan oğlu X3 öz avtomobilinə əyləşdirərək avtomobil yuma məntəqəsində işləməsini irad tutub sifət nahiyəsindən bir yumruq zərbəsi vuraraq, sonuncuya sol almacıq nahiyəsinin qançırı xəsarətini, yəni sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, həyat yoldaşı Yusifova Vəfa ilə 13 il bundan əvvəl Ağdaş Rayon Məhkəməsinin qərarına əsasən ayrılmışdır. Üç övladı var, hər üçü bir müddət onun yanında qaldıqdan sonra anasının yanına getmişlər. Digər iki övladı yetkinlik yaşına çatıb, lakin Yusif hələ yetkinlik yaçına çatmayıb. 04 yanvar 2024-cü il tarixdə Ağdaş şəhərində yerləşən çayxananın qarşısında oğlu Yusifi avtoyuma məntəqəsinin qarşısında görüb onu öz avtomobilinə əyləşdirmişdir. O, Yusifdən avtoyuma məntəqəsində işləyib-işləməməsini soruşduqda, Yusif işləmədiyini demişdir. Bundan sonra o, bundan şübhələnərək onu şikayət edəcəyini bildirib Yusifi Ağdaş rayon prokurorluğuna gətirmişdir. Prokurorluğun qarşısında Yusif maşından düşərək qaçmış, lakin o, oğlunu döyməmişdir. Ona heç bir xəsarət yetirməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında sualları cavablandıran barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Yusifin hansı şəraitdə xəsarət almasını bilmir. O, Yusifin dəqiq avtoyuma məntəqəsində işləyib-işləməməsini də bilməmiş, lakin bundan şübhələnmişdir. Anasına bu barədə deməməsinin səbəbi bütün ailə üzvlərinin onun telefon nömrəsini qara siyahıya atmaları olmuşdur. Bəli, keçmiş arvadının səhvi olduqda onu döyüb, lakin hadisə günü Yusifi vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, Ağdaş şəhəri, Ərəş küçəsində anası ilə birlikdə yaşayır. Atası Elşadla anası Vəfa uzun müddətdir ki, ayrılıblar, o, anası Vəfa Yusifova ilə birlikdə yaşayır. O, hazırda məktəbə gedir, atası isə mütəmadi olaraq onu izləyib hardasa işləməsini irad tutur və o, hər dəfə atasına heç yerdə işləmədiyini bildirir. 04 yanvar 2024-cü il tarixdə saat 16 radələrində o, Ağdaş şəhəri M.İsayev küçəsində çay evinin qarşısında dayanan zaman atası özünə məxsus avtomobillə onun yanında saxlamış və avtomobildən düşərək onu öz avtomobilinə əyləşdirmişdir. Avtomobildə ona avtoyuma məntəqəsində işləməsini irad tutmuş, o, avtoyuma məntəqəsində işləmədiyini, sadəcə çayxananın qarşısında dayandığını demişdir. Həmin vaxt atası qəfildən ona bir yumruq zərbəsi vurmuşdur. Bir qədər sonra atası onu sikayət etmək üçün Ağdaş rayon Prokurorluğuna gətirmiş və o, pəncərəni açıb qaçmışdır. Məhkəmə iclasında sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, atası Şəxs ona və anasına mütəmadi olaraq zor tətbiq edir, hər yerdə onu və anasını nalayiq ifadələrlə təhqir edir, onların ailəsinin dağılmasına səbəb atasının onları mütəmadi döyməsi olmuşdur. O, atasından şikayətçidir, atasının həbs olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X7 izahatında bildirdi ki, Şəxs ilə 13 ilə yaxındır ki, Ağdaş Rayon Məhkəməsinin qərarı ilə rəsmi ayrılmışlar, üç övladı bir müddət atalarının yanında yaşasalar da, sonradan onun yanına gəlmişlər. Digər iki övladı yetkinlik yaşına çatmış, lakin Yusifin 14 yaşı var. 04 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Yusif Ağdaş şəhəri M.İsayev küçəsində çay evinin qarşısında dayanan zaman atası özünə məxsus avtomobillə onun yanında saxlamış və avtomobildən düşərək Yusifi öz avtomobilinə əyləşdirmişdir. Avtomobildə ona avtoyuma məntəqəsində işləməsini irad tutmuş, Yusif də avtoyuma məntəqəsində işləmədiyini, sadəcə çayxananın qarşısında dayandığını demişdir. Həmin vaxt atası qəfildən Yusifə bir yumruq zərbəsi vurmuşdur. Bir qədər sonra atası Yusifi sikayət etmək üçün Ağdaş rayon Prokurorluğuna gətirmiş və Yusif pəncərəni açıb qaçmışdır. Elşad onu və oğlunu dəfələrlə döymüş, təhqir etmişdir. Dəfələrlə Yusifə onun haqqında şər-böhtan danışaraq Yusifin ona xəsarət yetirməsinə nail olmağa çalışmışdır. O, Elşadla barışmır, Elşaddan şikayətçidir, Elşada qanuni cəza verilməsini xahiş edir. İş materiallarında olan 05 yanvar 2024-cüil tarixli 4 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət-üzün sol almacıq nahiyəsinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti 04 yanvar 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. İş materiallarında olan Ağdaş rayon Polis şöbəsinin İTB-nin təhqiqatçısı X2 17 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 25 yanvar 2023-cü il tarixli arayışından görünür ki, inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartatekası yoxlanılarkən Şəxs barəsində 28 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati protokol tərtib edildiyi müəyyən olunmuşdur. İş materiallarında olan portaldan əldə olunmuş pensiya məlumatları haqqında sorğuya cavabdan görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, oğluna qarşı zor tətbiq etməməsi barədə verdiyi izahata tənqidi yanaşır və həmin izahatın özünü müdafiə xarakteri daşımaq məqsədi ilə verilmiş izahat kimi qiymətləndirir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin izahatları təqzib olunur. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs eyni inzibati xətanı əvvəllər də törətmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs İİ qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətanı yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsini həmin Məcəllənin 33.1.4-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyindən ona inzibati həbs növündə inzibati tənbeh tətbiq oluna bilməz və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar