Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-440/2022 02.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, P.Abuşovanın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 12 avqust 2022-ci il tarixdə saat 22:00 radələrində Ağdaş rayonu, Şəkili kəndində kənd camaatı üçün nəzərdə tutulmuş çardaxda həmkəndliləri Firqət, Roman, Müşviq və Mirzə adlı şəxslərlə birlikdə qumar (kart) oynamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində 15 avqust 2022-ci il inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək ailəsi ilə birlikdə Ağdaş rayonu, Şəkili kəndində yaşadığını, 12 avqust 2022ci il tarixdə həmkəndliləri ilə birlikdə Şəkili kəndində yerləşən çardaxda oturduqlarını, 0.40 qəpikdən kartla qumar oynadıqlarını, bu zaman həmin yerə mülki geyimdə polis əməkdaşlarının gəldiyini, onların qumar oynadıqlarının aşkar edildiyini, bu səbəbdən də onları Ağdaş rayon Polis şöbəsinə gətirildiklərini, etdiyi qanunsuz əməlindən peşman olduğunu və bir daha belə qanunsuz əməllərə yol verməyəcəyini bildirdi. İş üzrə şahid X3 məhkəmə iclasında Ağdaş rayonu, Şəkili kəndində yaşadığını, 12 avqust 2022-ci il tarixdə həmkəndliləri Elşad, Firqət və digərləri ilə birlikdə 0.40 qəpikdən kartla qumar oynadıqlarını, həmin vaxt mülki geyimdə polis əməkdaşlarının gəldiklərini, qumar oynadıqlarının aşkar etdiklərini, bu səbəbdən polis əməkdaşları tərəfindən Ağdaş rayon Polis şöbəsinə gətirildiklərini bildirdi. İş üzrə şahid X8 məhkəmə iclasında digər şahidin ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş X1 Müşviq Ərzuman oğlu, X10 və X5 izahatlarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 12 avqust 2022-ci il tarixdə Ağdaş rayonu, Şəkili kəndində yerləşən çardaxda onlarla birlikdə qumar oynamışdır. İnzibati xəta haqqında materiala əlavə olunmuş raportdan görünür ki, Ağdaş Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş-leytenantı Allahverdi Məmmədov 13 avqust 2022-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinin rəisi Vəfalı Həsənalıyevə raportla məruzə edərək 12 avqust 2022-ci il tarixdə saat təxminən 22 radələrində Ağdaş rayonu, Şəkili kəndində yerləşən, kənd sakinlərinin dincəlməsi üçün nəzərdə tutulmuş çardağın yerləşdiyi ərazidə, bir neçə şəxsin kart vasitəsi ilə qumar oynadıqlarını görüb onlara yaxınlaşdığını, qumar oynayan şəxslərin Şəxs, X8, X9, X3 və X10 olduğunu, həmin şəxslərin qumar oynamaq üçün istifadə etdikləri 33 ədəd kart və uduşa qoyulmuş 12 manat pulun tərəfindən protokol tərtib edilərək maddi sübut kimi götürüldüyünü bildirib raportun qeydiyyata alınmasına göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həmin inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşin faktiki hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə qənaətə gəlirəm ki, barəsində inzibati cərimə tənbehi tətbiq edilməli, iş üzrə maddi sübut - 12 (on iki) manat pul və 33 ədəd oyun ləvazimatı olan oyun kartının Ağdaş Rayon Məhkəməsinin icraatında olan digər 3(014)-442/2022 saylı inzibati xəta haqqında iş üzrə məhkəmənin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1989-cu ildə Ağdaş rayonu, Şəkili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Ağdaş rayonu, Şəkili kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib üç min manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut - qumara qoyulmuş pul vəsaiti 12 (on altı) manat pulun və oyun ləvazimatı olan 33 (otuz üç) ədəd kartın Ağdaş Rayon Məhkəməsinin icraatında olan digər 3(014)-442/2022 saylı inzibati xəta haqqında iş üzrə məhkəmənin 02 sentyabr 2022-ci il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınsın. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-440/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-440/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver