Məhkəmə qərarları › İş №3(014)-442/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-442/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-442/2025 21.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1987-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Ağdaş Rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-503/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 1400 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirmir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş və həmin tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, icraata başlamaq haqqında qərar qəbul edilərək, qanunla müəyyən edilmiş müddət ərzində icranın könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcu bu günədək ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya dəfələrlə bildiriş verilmiş, xəbərdarlıq təqdim edilmiş, söhbətlər aparılmış, inzibati məsuliyyətə cəlb olunmaqla barəsində protokollar tərtib edilmiş lakin bir çox hallarda borclu icra məmurunun çağırışlarına gəlməmiş, yalnız barəsində axtarış haqqında qərar qəbul edildikdən sonra icra idarəsinə gətirilmişdir. İcra sənədi üzrə hazirda cəmi 1400 manat borcdan heç bir hissəsi də ödənməmişdir. Protokol üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında maddi imkanı olmadığını, Bakı şəhərində iş olduqca usta kimi işlədiyini, pulu olanda borcundan ödəniş etdiyini, bir müddətdir xəstəliyi ilə əlaqədar işləmədiyini, buna görə də borcu ödəyə bilmədiyini, yalnız hissə-hissə borcu ödəyə biləcəyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi-anası Nümayəndə izahatında bildirmişdir ki, Şəxs bu günə kimi müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınır, yalnız hər dəfə tutulduqca bir hissəsini ödəyir, odur ki, borclunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-503/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 22 yanvar 2019-cu il tarixdən başlayaraq 06 sentyabr 2011-ci il tarixdə anadan olmuş X3 və 03 dekabr 2012-ci il tarixdə anadan olmuş X5 18 yaşına çatana qədər saxlanılmaları üçün X1 xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat aliment tutulmalıdır. İş materiallarına əlavə edilmiş “icraata başlamaq haqqında” qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-503/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixli, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021,xx.xx.2022, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borcluya dəfələrlə icra sənədində göstərilən tələbin könüllü icra etməli olduğu bildirilmiş, tələbi icra etmədikdə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəxs xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli izahatlarından görünür ki, borclu dəfələrlə izahat verərək burcunu hissə-hissə ödəyəciyini göstərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il, xx.xx.2022-ci il və xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-503/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədinə əsasən icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli MN №0393390 saylı inzibati xəta haqqında protokoldan görünür ki,Ağdaş rayon Məhkəməsinin 2(014)-503/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs tələbkara 1250 manat aliment borcu yarandığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Məhkəməsinin 3(014)-725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 10 gün həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Ağdaş rayon Polis Şöbəsinin 20 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Şəxs həmin tarixdə tapılaraq Ağdaş Rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin nümayəndəsinin, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, eləcə da daha əvvəl barəsində tətbiq edilmiş inzibati tənbehdən heç bir nəticə çıxarmayaraq, onun tərəfindən yaranmış borcu ödəməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 21 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə olunsun. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar