Məhkəmə qərarları › İş №3(014)-445/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-445/2021

03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-445/2021 03.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, şikayətçi X3 və qərarından şikayət verilmiş orqan Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı Nümayəndə iştirakı ilə, X5 tərəfindən Ağdaş rayon Polis şöbəsinin 18 oktyabr 2021-ci il tarixli, MN0674156 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə edilməsi barədə 18 oktyabr 2021-ci il tarixli, MN0674156 saylı inzibati qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayətini müdafiə edərək göstərmişdir ki, 19 oktyabr 2021-ci il tarixdə poçt xidməti vasitəsi ilə təqdim edilmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən ona ünvanlanmış rəsmi məlumatdan məlum olmuşdur ki, Azərbaycan Respublikası İXM 211.2-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində cərimə kimi inzibati tənbeh növündə cərimə edilmişdir. Bundan sonra o, polis şöbəsinə gəlmiş, burada ona izah edilmişdir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozuduğu üçün inzibati cərimə edilmişdir. Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə hərəkətini qeyri-qanuni hesab edir və inzibati tənbeh vermə haqqında Qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Karantin rejiminin tədbiq edildiyi vaxtdan bəri o buna riayət edir. Səlahiyyətli şəxs olan Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Şamil 17.10.2021-ci il tarixdə onun iştirakım ilə inzibati xəta haqqında protokol tərtib etməmiş və protokolla tanış edilməmişdir. Bundan başqa protokolun surəti ona təqdim edilməmiş, protokolla əlaqədar qəbul edilmiş Qərar haqqında ona rəsmi qaydada məlumat verilməmişdir. MN ******* nömrəli inzibati protokol və onunla əlaqədar qəbul edilmiş Qərarın surəti ona yalnız Ağdaş rayon Polis şöbəsinə rəsmi qaydada müraciət etdikdən sonra təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 61 yaşı var. Məcburi köçkündür, 1-ci Qarabağ müharibəsi iştrakçısı olan mərhum qardaşının həyat yoldaşına və oğluna baxmaq məcburiyyətindədir. Ağdaş rayonu Şəmsabad kənd məktəbində məskunlaşaraq yaşayır. Bu səbəbdən işləməyə məcburdur. Ağdaş “Kolxoz” bazarında xırda ticarətlə məşğuldur. Azərbaycan Respublikası İXM-nin 12-ci (İnzibati xəta anlayışı) maddəsin qeyd edilir ki, yalnız bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İPM-nə əsasən məhkəmə inzibati hüquq pozma haqqında işə baxarkən inzibati tənbeh tətbiq etmənin əsassızlığını müəyyən edərsə, onda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. Buna görə də, Ağdaş Rayon Polis şöbəsinin 18 oktyabr 2021-ci il tarixli, MN0674156 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında izahat vermiş qərarından şikayət verilmiş orqan Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı Nümayəndə göstərmişdir ki, X5 qapalı Ağdaş “Kolxoz” bazarında xırda ticarətlə məşğul olur. Xüsusi karantin rejimi qaydalarına əsasən qapalı məkanlarda tibbi maskadan istifadə edilməlidir. X2 qapalı Ağdaş “Kolxoz” bazarında işləməsinə baxmayaraq tibbi maskadan istifadə etməmişdir. Buna görə də, X3 barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqda MN ******* nömrəli inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında 18 oktyabr 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş 17 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati protokoldan görünür ki, X5 17 oktyabr 2021-ci il tarixdə qapalı Ağdaş “Kolxoz” bazarında xırda ticarətlə məşğul olan zaman tibbi maskadan istifadə etməmiş, karantin rejimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xətan protokolu tərtib edilmişdir. İş matetriallarına əlavə edilmiş, Ağdaş rayon Polis şöbəsinın 18 oktyabr 2021-ci il tarixli, MN0674156 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta törətdiyindən 100 (yüz) manat inzibati qaydada cərimə edilmişdir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli qərarının 1-ci bəndinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir; Həmin qərarın 1.2-ci bəndinin tələbinə əsasən qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) qoruyucu maskalardan istifadə edilməlidir. (2021-ci il 31 may saat 06:00-dan qüvvəyə minmişdir) “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 31 may saat 06:00-dan qüvvəyə minmiş 26 may 2021-ci il tarixli 151 nömrəli qərarının 2.1.1-ci bəndinin tələbinə əsasən açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmişdir. İş üzrə şikayətçini və protokolu tərtib etmiş şəxsi dinləyərək təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X1 Səyalı Hüseyn qızı tərəfindən Ağdaş rayon Polis şöbəsinin 18 oktyabr 2021-ci il tarixli, MN0674156 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə tələbi əsassızdır. Ona görə ki, Ağdaş “Kolxoz” bazarı qapalı olduğu üçün tibbi maskadan istifadə etmək məcburidir. Sadalanlara əsasən məhkəmə hesab edir ki, X1 Səyalı Hüseyn qızı tərəfindən Ağdaş rayon Polis şöbəsinin 18 oktyabr 2021-ci il tarixli, MN0674156 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİM: Şikayət təmin edilməsin. X3 barəsində Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı Nümayəndə tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə edilməsi barədə qəbul edilmiş 18 oktyabr 2021-ci il tarixli, MN0674156 saylı inzibati qərarın ləğv edilməsi barədə tələbi təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar