Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-448/2021 10.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi ilə xx.xx.1955-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə DİN Baş DYPİ-nin YPXA-dan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 03.10.2021-ci il tarixdə öz təsərrüfatına məxsus iribuynuzlu camış malını qaranlıq vaxtı yolun işıqlandırılmamış hissəsindən asfalt örtüklü yoldan keçirərkən camış malı Bakı-Şamaxı-Yevlax yolunun 249 km-də hərəkətdə olan “VAZ 21060” markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış, nəticədə avtomobil camışı vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində DİN Baş DYPİnin YPXA tərəfindən 03.10.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, zərərçəkmiş şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarında olan Şəxs Ağdaş RPŞ-yə verdiyi izahatdan görünür ki, 03.10.2021-ci il tarixdə, saat təxminən 18:30 radələrində özünə məxsus olan iribuynuzlu camış heyvanlarını ot sahəsindən evə gətirirdi. Bakı-Şamaxı-Yevlax yolunun 249-cu km-də malı Mürsəl kəndindən Yeniarx kəndinə keçirərkən heyvanın biri qaranlıq olduğuna görə Xaldan istiqamətindən gələn “VAZ 21060” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. Nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Dərhal yol polislərinə məlumat verilmiş və yol polisləri qısa bir müddətdə hadisə yerinə yaxınlaşmışlar. Lazımı köməklik göstərilmişdir. Sürücünü Ağdaş rayon Mərkəzi Xəstəxanasına apararaq tibbi müayinədən keçirmiş, sərxoşluq halı aşkar olunmamışdır. Hadisənin baş verməsində səbəbkar odur. Ona görə ki, günün qaranlıq vaxtı malı evə aparmışdır. İşin materiallarında olan Zərərçəkmiş şəxs Ağdaş RPŞ-yə verdiyi izahatdan görünür ki, 03.10.2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “VAZ 21060” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Balakən şəhərindən Göyçay şəhərinə gedirdi. Bakı- Şamaxı-Yevlax yolunun 249-cu km-də hərəkətdə olan zaman qəflətən avtomaşınının qarşısına iribuynuzlu camış malı çıxmışdır. Sürəti nə qədər azaltsa da, həmin camış malına dəyərək, yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobildə tək olmuş, heç bir bədən xəsarəti almamışdır. Dərhal yerə düşərək, yol polislərinə məlumat vermişdir. Yol polisləri qısa bir müddətdə hadisə yerinə yaxınlaşmışlar və ona lazımı köməklik göstərilmişlər. Sonra tibbi müayinədən keçməsi üçün onu Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Tibbi müayinədən keçmiş və heç bir sərxoşluq halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 03.10.2021-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinsin və ona 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-448/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-448/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver