Məhkəmə qərarları › İş №3(014)-454/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-454/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-454/2025 08.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1982-ci il tarixdə Gədəbəy rayonu, Göyəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş rayonu İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-1702/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs yaranmış 880 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etmir, borcluya tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmiş və borcun ödənilməsi tələb edilmiş, lakin Şəxs tələbləri yerinə yetirməmişdir. Bununla da inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahat verərək Şəxs barəsində tərtib etdiyi protokolda onun yol verdiyi xətanı göstərdiyini və buna görə də inzibati məsuliyyətə cəlb edilməli olduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, icra sənədi üzrə borcu tam ödəməyə maddi imkanı olmamış, lakin son 4 ayda 2 dəfə, hərəsində 200 manat olmaqla, bir dəfə 300 manat, 1 dəfə də 360 manat olmaqla tələbkara borcundan ödəniş etmiş, onunla razılığa gəlmiş, hər ay da alimenti ödəməyə davam edəcək, odur ki, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında Şəxs borcun çox hissəsini ödədiyini ,həmin məbləği qəbul etdiyini və bu dəfə ona güzəşt etdiyini, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Şəxs alınıb, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İcraata başlamaq haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş qəbzlərin surətlərindən görünür ki, Şəxs iddiaçı Zərərçəkmiş şəxs hesabına müxtəlif vaxtlarda ödəniş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı hissə-hissə ödəniş etməklə borcun çox hissəsini ödəmiş, qalan borcu ödəyəciyini bildirmiş, bu barədə zərərçəkmiş şəxslə razılıq da əldə edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, zərərçəkmiş şəxslə Şəxs arasında razılıq əldə edilmişdir və borclu borcunu ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxsnın əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 77 (yetmiş yeddi) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar