Məhkəmə qərarları › İş №3(014)-465/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-465/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-465/2024 01.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1999-cu ildə ünvan 1anında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1anında qeydiyyatda olan və Ağdaş şəhəri, Natavan küçəsi, 21A nömrəli ev yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 30 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən tikilinin qarşısında ucadan səs-küy salmış, ünvansız küçə söyüşləri söymüş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 01 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 30 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən tikilinin qarşısında ucadan səs-küy salmış, ünvansız küçə söyüşləri söymüş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi əsası ilə tərəfindən 01 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, 30 sentyabr 2024-cü il tarixdə Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən tikilidə qohumu Renat ilə pəncərə quraşdıran zaman Ağdaş rayon Polis şöbəsinin əməkdaşları gələrək onları polis şöbəsinə dəvət etdilər. Onlarda pəncərəni iplə bərkitdikdən sonra o polis əməkdaşının biri ilə öz avtomobilində, Renat isə digər polis əməkdaşının avtomobilində polis şöbəsinə gəlmişlər. Protokolda qeyd edilənlərin əsassızdır. Saxlanılan zaman söyüş söyməmişlər və polislərə tabesizlik göstərməmişlər. Məhkəmə iclasında Şahid2 izahatında bildirdi ki, Ağdaş rayon Polis şöbəsinin Post patrul xidməti bölünün polis nəfəri vəzifəsində işləyir. Ağdaş rayon Polis şöbəsinin TB-nin xx.xx.2024-cü il tarixli raportuna əsasən Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən tikilini dayandırma üçün əraziyə gedəndə orada işləyən iki nəfər ucadan səs-küy salmış, ünvansız küçə söyüşləri söymüş və onların qanuni tələblərinə tabe olmamışlar. Bundan sonra həmin şəxslər Ağdaş rayon Polis şöbəsinə gətrilmişlər. Məhkəmə iclasında Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 izahatına göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi iş üzrə şahidlərin izahatları, Şəxs barəsində tərtib olunmuş 01 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və iş materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs polisin qanuni tələbinə tabe olmamaq ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının dörddə üçü həddində, yəni 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar