Məhkəmə qərarları › İş №3(014)-466/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-466/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-466/2024 01.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ağdaş Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi X3, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Ağdaş rayonu, Kotanarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, Ağdaş şəhəri, 15-ci məhəllə 1/36 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 27 avqust 2024-cü il tarixdə saat 19 radələrində Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yerləşən evin həyətində Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də Şəxs barəsində 01 oktyabr 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yerləşən evin həyətində Zərərçəkmiş şəxs ilə Şəxs ilə aralarında ailə- məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs bir dəfə bıçaqla sol qol nahiyəsindən vuraraq sol saidin aşağı 1/3-nin arxa iç səthinin səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmçinin Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta törətməsi müəyyən edildiyindən qərarın icra edilməsi Ağdaş Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə həvalə edilmişdir. Daha sonra Şəxs barəsində 01 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, arvadı ilə aralarında dava olmamışdan bir gün əvvəl qonaqları olmuşdur. 27 avqust 2024-cü il tarixdə o, evə gəldikdən sonra arvadı Zərərçəkmiş şəxs ondan nə üçün dünən qonaqlara xoş gəlmisən demədiyini, qonaqlara qarşı hörmətsizlik etdiyini soruşaraq onunla mübahisə etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs bıçaqla vurmamışdır. Zərərçəkmiş şəxs tərəfindən ona hazırlanmış bir oyundur. Məhkəmə iclasında Şəxs sualları cavablandıraraq bildirmişdir ki, o, spirtli içki qəbul edir, lakin bugüdədək heç kimlə işi olmamış, bir dəfə də olsa polis şöbəsində onun barəsində heç bir şikayət olmamışdır. Hadisə olan günü də içki qəbul etmişdir. Sözügedən bıçaq Xumaranın özünün əlində olmuş və o, Xumaraya heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs ilə 1995-ci il tarixdən evlidir və birgə nikahlarından iki övladları vardır. Övladlarının hər iki evlidir və hər iki övladını özü təkbaşına böyüdüb başa çatdırmış və evləndirmişdir. Polad bir ata kimi ailə olaraq nə onunla nə də övladları ilə maraqlanmamışdır. Hər gün içkili olur. Buna görə qızları ailələri ilə birlikdə onlara qonaq gəlməkdən utanırlar. Buna qohum və qonşularda şahiddir. Hadisədən bir gün əvvəl qızıgil qonaq gəlmişlər. Polad yenə də içkili vəziyyətdə evə gəlmiş köynəyinin qarşısı açıq vəziyyətdə özünü idarə edə bilmirdi. O, içkili olduğundan qonaqlarla pis rəftar etmişdir. Səhəri gün, yəni 27 avqust 2024-cü il tarixdə o, Polada nə üçün içkili gəldiyini və qonaqlara xoş gəldin demədiyini soruşmuşdur. Polad içkili olmuş, onun üzərinə gəldiyindən o, qorxmuş və toyuqların saxlanıldığı yerə qaçmışdır. Həmin vaxt Polad toyuqlara kələm doğradırığından orada olan bıçağı götürərək onun üzərinə gəlmiş və bıçağı ona tərəf atmışdır. O, da əlini üzünə tutduğundan bıçaq onun qoluna dəymişdir. Bundan sonra o, 102 Xidmətinə zəng edərək əri Poladdan şikayət etmişdir. Hazırda əri ilə barışmamış və barışmaq fikri də yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınıb Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs barəsində 29 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Ağdaş rayon Polis Şöbəsinə ünvanlanmış 27 avqust 2024-cü il tarixli ərizədən görünür ki, 27 avqust 2024-cü il tarixdə əri Şəxs bıçaqla bir dəfə onun sol qolunun bilək nahiyəsinə xəsarət yetirmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin məsul növbətçisi İlkin Səmədov tərəfindən 27 avqust 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportun surətindən görünür ki, 27 avqust 2024-cü il tarixdə, saat 20:08-də Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yaşayan Zərərçəkmiş şəxs DİN-in 102 Xidmətinə zəng edərək, əri Poladın mütəmadi olaraq içkili vəziyyətdə onunla münaqişə etməsini və bıçaqla onun əlinə xəsarət yetirməsini bildirmişdir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin məsul növbətçisi İlkin Səmədov tərəfindən 27 avqust 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportun surətindən görünür ki, 27 avqust 2024-cü il tarixdə, saat 23:40-da Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkimi X5 rayon Polis Şöbəsinə zəng edərək, Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yaşayan 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol saidin iç səthinin kəsilmiş yarası xəsarəti ilə Ağdaş rayon Mərkəzinə müraciət etməsi barədə məlumat vermişdir. Deməsinə görə yaşadığı evdə əri tərəfindən bıçaqla vurulması nəticəsində xəsarət almışdır. İş materiallarında olan Ağdaş rayon X6 Bölmısinin müstəntiqi Sırac Kərimovun 23 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanmasıının rədd edilməsi, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ağdaş Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ağdaş Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi X4 tərəfindən 24 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X6 Bölmısinin müstəntiqi Sırac Kərimovun cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı əsasında inzibati iş üzrə icraat başlanmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 12 sentyabr 2024-cü il tarixli 425 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – sol saidin aşağı 1/3-nin arxa iç səthinin səthi yarası, kəsici alət (ola bilər bıçaq) təsirindən törənmiş, törənmə müddəti 27 avqust 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəyi müəyyən edilməmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 23 sentyabr 2024-cü il tarixli 17/781 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, konstruksiyasında dəyişikliklər edilməmişdir. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq həmin izahatı özünü müdafiə xarakteri daşıyan izahat kimi qiymətləndirir və həmin izahatın zərərçəkmiş şəxsin izahatı ilə yanaşı ekspert rəyləri və iş materialları ilə təkzib olunduğunu qeyd edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs, törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halların olmadığını, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxslə onun şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbsetmənin əvvəli 01 oktyabr 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar