Məhkəmə qərarları › İş №3(014)-468/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-468/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-468/2022 29.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Abuşova Pakizə Müşfiq qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1046/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 qanuni tələbini yerinə yetirməmiş, X1 5300 manat məbləğində aliment borcunu ödəməmişdir. Buna görə onun barəsində 29 avqust 2022-ci il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək rəsmi iş yerinin olmadığını, əkinlə məşğul olduğunu, atası tərəfindən əlli manatın ödənilməsinə Mələk Məmmədovanın razı olmadığını, halhazırda yaranmış aliment borcunu ödəmək iqtidarında olmadığını bildirdi. Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-1046/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin 14 avqust 2018-ci ildə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu və 10 sentyabr 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyini, inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən 300 manat məbləğində ödəniş edildiyini və 5300 manat məbləğində aliment borcunun yarandığını, onun İcra şöbəsinə çağırılaraq ondan aliment borcunun ödənilməsinin tələb olunduğunu, lakin borclu tərəfindən tələbkara olan aliment borcunun ödənilmədiyini, icra sənədi üzrə tələbkarın isə durmadan alimenti tələb etdiyini, borclunun tələbin ödənilməsinə yönəldilə bilinəcək heç bir əmlakının olmadığını, Şəxs onun qanuni tələbini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində 10 fevral 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərildiyini, Ağdaş Rayon Məhkəməsinin 3(014)-89/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərarı ilə borclu tərəfindən inzibati xəta yaradan halların aradan qaldırılması səbəbi ilə inzibati xəta haqqında işin icraatına xitam verildiyini, həmçinin Ağdaş Rayon Məhkəməsinin 8(014)-226/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərarı ilə borclu Şəxs ölkədən hüququnun icra sənədi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırıldığını, borclunun borcu ödəməkdən boyun qaçırdığı üçün barəsində 08 may 2021-ci il tarixdə borclunun axtarılması barədə qərar çıxarıldığını, Ağdaş rayon Polis şöbəsində 13 iyul 2021-ci il tarixdə 220917 saylı axtarış işinin açıldığını və borclunun icra şöbəsinə Polis vasitəsi ilə gətirildiyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloji sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməsini kifayət hesab etmirəm və hesab edirəm ki, onun barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməli, inzibati həbs etmənin əvvəli qərar qəbul edildiyi tarixdən və vaxtdan, yəni 29 avqust 2022-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1989-cu il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, Ağdaş Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 29 avqust 2022-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icra edilməsi Ağdaş rayon Polis Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar