Məhkəmə qərarları › İş №3(014)-469/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-469/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-469/2024 07.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Oğuz rayonu, Muxas kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Oğuz rayonu, Muxas kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu, Cüvə kəndində ünvansız söyüşlər söymüş, ucadan qışqırıb səs-küy salaraq ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi X3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024cü il tarixdə, Ağdaş rayonu, Cüvə kəndində ünvansız söyüşlər söymüş, ucadan qışqırıb səs-küy salaraq ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, buna görə də barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağdaş rayonu, Pirkəkə kəndinə tanışı ilə görüşmək üçün gəlmişdir. Gecə saatları olduğundan yolu öyrənmək üçün avtomobili yol kənarında saxlamışdır. Bu zaman ərazidə olan kənd sakinləri ilə aralarında anlaşılmazlıq baş vermişdir. Söz söhbət böyüməsin deyə avtomobillə oradan uzaqlaşmışlar. Daha sonra kənd ərazisində olan polis əməkdaşları onlara yaxınlaşaraq barələrində şikayət olunduğunu və polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Onlar əvvəl etiraz etmişlər, daha sonra polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, 07 oktyabr 2024-cü il tarixdə saat 00:30 radələrində Post Patrul Xidməti Bölməsinin manqa komandiri Şahid2lə Ağdaş rayonu, Cüvə kəndində xidmətdə olduqları zaman 2 nəfər şəxsin küçədə ucadan qışqırıb səs-küy saldığını və vətəndaşları narahat etməsi məlumatını almışlar. Dərhal həmin yerə gedərək şəxslərə yaxınlaşaraq özlərini təqdim edib onlardan sakit olmalarını, ictimai qaydanı pozmamağı bildirib nizam-intizama dəvət etmişlər. Həmin şəxslərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini izah etmişlər. Onlara dəfələrlə nizam-intizamlı olmalarını bildirsələr də, həmin şəxslər onlara əhəmiyyət verməyərək öz qanunsuz əməllərinə davam etmişlər və onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Həmin şəxslərin əməlində ictimai qayda pozuntusunun əlamətləri olduğundan şəxsiyyətlərini müəyyən etmək və barələrində qanuni tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Növbətçi Hissədə həmin şəxslərin Oğuz rayonu, Muxas kəndində qeydiyyatda olmaqla yaşayan 31 avqust 1998-ci il təvəllüdlü Şəxs və Oğuz rayonu, Muxas kəndində qeydiyyatda olmaqla yaşayan 02 iyun 1998-ci il təvəllüdlü X2 olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə əmisi oğlunun xeyir işi var idi. Şəhərə gələrkən qara rəngdə **-BU- *** qeydiyyat nömrə nişanlı avtomobilin dayandığını görmüş və həmin avtomobilə yaxınlaşaraq nə üçün dayandıqlarını soruşmuşdur. Həmin avtomobildə olan şəxs isə benzin bitdiyini bildirmişdir. Daha sonra haradan gəldiklərini soruşduqda Oğuzdan gəldiklərini bildirmişdir. Daha sonra onlar maşını sürətlə sürməyə başladılar və ətrafda təhlükəli vəziyyət yartdıqlarından dərhal bu barədə polisə məlumat verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Ağdaş rayonu, Cüvə kəndində gecə saatlarında tanımadığı 2 nəfər şəxsin avtomobili sürətlə idarə edərək onlara qarşı təhlükəli vəziyyət yaratdığını görmüşlər. Onlar da bundan narahat olub dərhal polisə bu barədə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da Şahid5 ilə eyni məzmunlu izahat verdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahidlərin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Buna görə də Şəxs onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən, saat 01:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar