Məhkəmə qərarları › İş №3(014)-473/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-473/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-473/2025 10.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.2001-ci il tarixdə Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Ağdaş Rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-651/25 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi ilə əlaqədar Şəxs icra məmurunun qanunu tələblərinə əməl etmir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qanunla müəyyən edilmiş müddət ərzində icranın könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmiş, lakin borc ödənməmişdir, hazırda icra sənədi üzrə 12.105,94 manat borc vardır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 zahat verərək Şəxs barəsində tərtib etdiyi protokolda onun yol verdiyi xətanı göstərdiyini və buna görə də inzibati məsuliyyətə cəlb edilməli olduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs izahatında göstərmişdir ki, o, barəsində çıxarılmış 2(014)-651/25 saylı, xx.xx.2025-ci il tarixli qətnaməni xx.xx.2025-ci il tarixdə qəbul etməklə həmin qətnamə qanuni qüvvəsini almamış, buna görə də həmin qətnamə üzrə borcu ödəmədiyi üçün barəsində İnzibati xəta haqqında protokol tərtib edilə bilməz, buna görə də hazırda baxılan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında borclu Şəxs tərəfindən borcun heç bir hissəsinin ödənmədiyini, qətnamənin icra edilmədiyini göstərməklə, yalnız borcun ən azı yarı hissəsinin ödənməsinə razı olduğunu bildirməklə boclunun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-651/25 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 11980( on bir min doqquz yüz səksən) manat pul və 125, 94 (yüz iyirmi beş manat doxsan dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş, “icraata başlamaq haqqında” qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-651/25 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş, tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməli olduğu bildirilmiş, tələbi icra etmədikdə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli izahatlardan görünür ki, Şəxs borcu tam şəkildə ödəyə bilməyəcəyini, hər ay hisəhissə ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 3(014)-449/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-651/25 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmurunun tələblərini yerinə yetirməməsi ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 2-651 saylı mülki iş üzrə qətnamə Şəxs xx.xx.2025-ci il tarixdə şəxsən verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs himayəsində bir azyaşlı uşağı- xx.xx.2024-cü il təvəllüdlü X3 vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra halhazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcdan heç bir hissəsi də ödənilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 10 sentyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə olunsun. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar