Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-48/2023 23.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X2 iştirakı ilə xx.xx.1984-cü il tarixdə Ağdaş rayonu Qumlax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdaş rayonu Qarasuqumlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 23 yanvar 2023-cü il tarixdə Ağdaş Rayon Məhkəməsinin ibzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində 23 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 21 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində Ağdaş rayon Polis şöbəsinin növbətçi hissəsinin saxlama yerində sakit olmamış, dəfələrlə xəbərdarlıq edilsə də öz hərəkətlərini davam etdirmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 sahə rəisi, polis leytenantı X3 izah etdi ki, Şəxs 21 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində Ağdaş rayon Polis şöbəsinin növbətçi hissəsinin saxlama yerində sakit olmamış, dəfələrlə xəbərdarlıq edilsə də öz hərəkətlərini davam etdirmiş və polisin qanuni tələbinə tabe olmamasına dair Ağdaş rayon Polis şöbəsinin növbətçi hissəinin köməkçisi, polis baş serjantı Elvin Mustafayevin raportu əsasında tərəfindən araşdırma aparılmış, Şəxs 21 yanvar 2023-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuş, onun və digər şəxslərin izahatları alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında Ağdaş rayonu Qarasuqumlaq kəndində yaşadığını, mülki axtarışda olduğu üçün 21 yanvar 2023-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulduğunu, həmin tarixdə saat 21:00 radələrində Ağdaş rayon Polis şöbəsinin növbətçi hissəsinin saxlama yerində saxlanıldığını, lakin polislərə müqavimət göstərmədiyini, buna görə də onun barəsində tərtib edilmiş protokola xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 21 yanvar 2023-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri yoxdur. Onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi sübuta yetmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən səxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün ilk öncə polisin tələbləri qanuni olmalı, bu tələblər ictimai qaydanın mühafizəsi vəzifələrini yerinə yetirərkən irəli sürülməlidir. Məhkəmə araşdırması zamanı polis əməkdaşının ictimai qaydanın mühafizə vəzifələrini icra etməsi zamanı deyil, xidməti vəzifələrini iş yerində yerinə yetirərkən baş vermişdir. Belə olan halda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində təsbit edilən əlamətlər müəyyən edilmədi. Buna görə də Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata qeyd edilən hissədə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-48/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-48/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver